Azərbaycan Ombudsmanı Ermənistandan olan həmkarının görüş təklifini rədd edib

12 May 2020 - 16:33

“Bəşəriyyətin mütərəqqi dəyərlərini mənimsəmək iqtidarında olmayan, adı işğalçı siyasət və dövlət terrorizmi anlayışları ilə assosiasiya olunan Ermənistanın insan hüquq və azadlıqlarının qorunmasından danışması gülünc, absurd və paradoksaldır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ermənistanın Ombudsmanının azərbaycanlı həmkarı ilə görüşməyə hazır olması və Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsman”ının da iştirak etməli olduğu barədə fikrinə toxunan Səbinə Əliyeva bildirib ki, bu açıqlama faktiki olaraq beynəlxalq hüquq normalarına böyük sayğısızlıq, ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin heçə sayılması və separatizmin dəstəklənməsidir: “Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə siyasəti həyata keçirib, bunun nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, humanitar fəlakətlə üzləşib. Əgər Ermənistanın ombudsmanını insan hüquqlarının müdafiəsi məsələsi maraqlandırırsa, bu faktları xatırlasın, bəhs olunan reallıqlara bir daha nəzər salsın. Bütün dünyaya məlumdur ki, işğal nəticəsində əzəli yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın bütün fundamental hüquqları – yaşamaq, mülkiyyət, təhsil, seçki (bələdiyyə) və s. kobud surətdə pozulub”.

Müvəkkil Səbinə Əliyeva əlavə edib ki, Ermənistanın müvəkkili insan hüquqlarının  müdafiəsi məsələsini müzakirəyə çıxarmaq istəyirsə, əvvəlcə BMT-nin 822, 853, 874 və 884 saylı dörd qətnaməsi dərhal və qeyd-şərtsiz yerinə yetirilməli, təcavüzkar ölkənin silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlılar tarixi yurdlarına qayıtmalıdırlar: “Ermənistanın ombudsmanının Azərbaycanın tarixi torpaqlarında insan hüquqlarının qorunması məsələsi ilə bağlı müzakirələrdən danışması cəfəngiyyat olmaqla yanaşı, bəşəriyyətə qarşı təhqir, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti bir cəhddir”.

Ermənistan Ombudsmanının Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsman”ının da iştirak etməli olduğu haqda fikrə münasibət bildirən müvəkkil vurğulayıb ki, qondarma “Dağlıq Qarabağ respublikası” işğal və terror məhsulu olan separatçı qurumdur: “Onun hüquqi statusu yoxdur, beynəlxalq səviyyədə tanınmır. Ona görə də nə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində, nə də hər hansı bir müzakirədə iştirak etmək hüququna malikdir”. 

Müvəkkil nəzərə çatdırıb ki, işğal faktı aradan qaldırıldıqdan və soydaşlarımızın bütün fundamental hüquqları bərpa edildikdən sonra Ermənistanın Ombudsmanı ilə insan hüquqları ilə əlaqədar müzakirələr apara bilər.