“Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans formatında keçirilən iclasında deyib.
Nazir bildirib ki, bu baxımdan, Azərbaycan Konstitusiyası müvafiq hüquqi bazanı təmin edir: “Bölgənin gələcək inkişafı, bərpa və yenidənqurma fəaliyyəti ilə bağlı baxışlarımız dövlət başçısı tərəfindən açıq şəkildə ifadə olunub və bölgədə yeni əməkdaşlıq platformasının yaradılması ilə bağlı bəyanatlar səsləndirilib. Belə bir əməkdaşlıq və işbirliyi çərçivəsi, əlbəttə bütün bölgə ölkələri üçün faydalı ola bilər. İşbirliyi çərçivəsi bölgə dövlətlərinin iştirakı ilə çoxtərəfli əməkdaşlıq platformalarını təşkil edə bilər. Dövlət başçısının 10 dekabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat brifinqində təqdim etdiyi bölgənin gələcək inkişafı modeli Qələbədən sonrakı yeni dövr üçün baxışları aydın şəkildə əks etdirdi: ənənəvi mövcud olan Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi, eyni zamanda Azərbaycan-Rusiya-İran, eləcə də Türkiyə-Rusiya-İran işbirliyi çərçivələri mövcuddur. Bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə, gələcəyə sağlam düşüncə ilə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Bununla da, gələcəkdə bölgədə müharibə riski sıfıra endirilər”.