Azərbaycan Təhlükəsizlik Şurası Patruşevlə görüş barədə məlumat yaydı:

“Radikal elementlərin qarşısını birgə almaq lazımdır”
05 Sentyabr 2019 - 18:04

“Azərbaycan və Rusiya ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində zəruri tədbirləri intensiv həyata keçirməlidir”.

Azpost.info bildirir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov deyib.

Sentyabrın 4-də Bakıda Azərbaycanla Rusiya arasında təhlükəsizlik üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr Ramil Usubov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən keçirilib.

Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını nəzərə çatdıran R.Usubov ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanları tərəfindən zəruri tədbirlərin bundan sonra da intensiv həyata keçirilməsinin vacibliyini vurğulayıb”, – deyə Azərbaycan Təhlükəsizlik Şurasının katibliyinin məlumatında bildirilir.

N.Patruşev Azərbaycanla əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə Rusiya tərəfinin hər zaman böyük önəm verdiyini, hazırkı görüşün təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini bildirib.