Azərbaycan və Ermənistan Moskvada Naxçıvandan keçəcək dəhlizi müzakirə edib

Moskvada Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Mğer Qriqoryanın, Şahin Mustafayevin və Aleksey Overçukun sədrliyi ilə üçtərəfli işçi qrupunun iclası keçirilib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

“Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, habelə Azərbaycan və Ermənistan ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar.”, – deyə məlumatda bildirilir.

Açıqlamada deyilir ki, görüş zamanı Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılması ilə bağlı razılaşmaların həyata keçirilməsi üzrə işi davam etdirmək barədə razılığa gəliblər.

İşçi qrup Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2021-ci ilin yanvarında verdiyi bəyanat əsasında yaradılıb. İşçi qrupu sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.

Əvvəlki məqalə

XİN “RİA-Novosti” Agentliyi ilə bağlı açıqlama yaydı –

Sonrakı məqalə

Şəmkirdə polis yol qəzasında həlak olub