Azərbaycan və İran XİN başçıları görüşüb

09 Dekabr 2020 - 15:43

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfəri çərçivəsində iranlı həmkarı Cavad Zəriflə görüşüb.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə “Twitter”də yazıb.

O bildirib ki, görüş zamanı Dağlıq Qarabağ, regional məsələlər və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

“İran İslam Respublikası yaxın qonşuluq siyasəti çərçivəsində əldə olunmuş irəliləyişi və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayır, münaqişənin siyasi yolla dayanıqlı şəkildə həll olunmasının vacibliyini vurğulayır”, – XİN sözçüsü bildirib.