Tokayev regiondaxili ticarətin həcminin 20 milyard dollara çatdırılmasını təklif edib

Regiondaxili ticarətin həcminin ən azı 20 milyard dollara çatdırılmasına yönəlmiş birgə fəaliyyət planı hazırlanmalıdır.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

Qazaxıstan Prezidenti qeyd edib ki, birgə səylər nəticəsində ticari-iqtisadi əməkdaşlıq hər il yeni məzmunla zənginləşir, birgə müəssisələrin sayı artır və işgüzar əlaqələr möhkəmlənir.

Onun sözlərinə görə, sənaye, maşınqayırma, energetika və kənd təsərrüfatı sahələrində iri layihələr həyata keçirilir, ticarət maneələri aradan qaldırılır, sərhədlərdə buraxılış məntəqələri açılır, avtomobil və dəmir yolu əlaqələri genişləndirilir.

“Bununla belə, daxili bazarın potensialı hələ tam reallaşdırılmayıb. Ötən il regiondaxili ticarətin həcmi təxminən 13 milyard dollar təşkil edib. Bu, dövlətlərimizin ümumi ticarət dövriyyəsinin təxminən 8 faizinə bərabərdir”, – Tokayev vurğulayıb.

O, hökumətlərə regiondaxili ticarətin həcminin ən azı 20 milyard dollara çatdırılması və qarşılıqlı ticarətin payının mərhələli şəkildə artırılması üçün birgə fəaliyyət planı hazırlamağı təklif edib.

Tokayev dövlətlərin sərhədyanı ərazilərində yaradılan ticarət-logistika kompleksləri və sənaye kooperasiyası mərkəzlərinin böyük perspektivlərə malik olduğunu bildirib. Prezidentin fikrincə, regional əlavə dəyər zəncirlərinin formalaşdırılması məqsədilə həmin mərkəzlər gələcəkdə bir-biri ilə əlaqələndirilə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.