“Azərbaycanda kitab çapının 425 yaşı tamam olur, niyə qeyd olunmur?” –

Sabir Rüstəmxanlıdan çağırış
24 Noyabr 2019 - 10:49

Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanda ilk kitabın çapı ilə bağlı yubileyin qeyd olunmasını təklif edib.

Azpost.info bildirir ki, S.Rüstəmxanlı 2019-cu ilin Azərbaycanın kitab tarixi baxımından çox önəmli bir il olduğunu yazıb: “Vaxtı ilə mən Mətbuat və İnformasiya naziri olanda bu hadisəni təqvimimizə salmaq üçün bir Kitab bayramı da keçirmişdik. İllər sonra bir daha bu mövzuya qayıtmaq istəyirəm. Söhbət mətbəə üsulu ilə çap olunmuş ilk kitablarımızdan gedir. İlk belə kitabımız 1594- cü ildə, Romada nəşr edilib. Bu, Nəsrəddin Tusinin kitabıdır. Öz ərazimizdə isə mətbəə üsulu ilə buraxılmış ilk kitab Füzulinin Leyli və Məcnunudur. 1819- cu ildə Təbriz mətbəəsində nəşr edilmişdir. Deməli, kitabımızın Avropa nəşrindən 425 il, Azərbaycan nəşrindən 200 il keçir. Xatırlanmalı hadisələrdir”.

Xalq şairi Mədəniyyət Nazirliyi ilə Milli Elmlər Akademiyasına müraciət edərək bu yubileyləri qeyd etməyə çağırıb.