“Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir”

- Vüsal Qasımlı
26 Dekabr 2019 - 14:06

Bu il Azərbaycanda ÜDM-in artımı son beş ildə ilk dəfə 2%-i ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5%, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir. 2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9%, bitkiçilikdə 11,3%, informasiya və rabitə xidmətlərində 15,9% və turizmdə (turistlərin say artımı) 11,1% olub. İqtisadi artımın 2020-ci ildə son altı ildə ilk dəfə olaraq 3%-ə çatması, 2021-ci ildə 3,7%, 2022-ci ildə 3,1% və 2023-cü ildə 3,2% olması proqnozlaşdırılır.

“Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək”.