Azərbaycanın vizit kartına çevrilən “Böyük Qayıdış”

Mayın 28-də Laçında səfərdə olan Prezident İlham Əliyev bir sıra yeni müəssələrin təməlini qoydu, yeni qurulmuş şəhərə baxdı, yerli sakinlərə Laçındakı mənzillərin açarlarını təqdim etdi.

Laçın şəhərinin yeni siması  Qarabağda başlanmış Böyük Qayıdışın daha bir parlaq nümunəsidir. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sakinlərin sərəncamına verilir. İlk 20 ailə artıq Laçında yerləşib. İyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın insan yaşayacaq.

Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Laçın şəhərinin Baş planı hazırlanıb və təqdim edilib. İlin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.

Burada məktəb yeni dərs ili üçün hazır olacaq. Həmçinin onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır. Bu isə 1100-dən çox iş yeri deməkdir.  Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Prezident məscidin təməlini Laçında olarkən şəxsən qoyub.

Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək.

 

…Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan zəfərlə Ermənistanın 30 illik işğalına son qoydu, torpaqlarımızı geri qaytardı. Tarixi ərazimiz olan Qarabağda 14-cü iqtisadi rayonun yaradılması ilə formalaşan yeni ərazi-inzibati bölgüsü  bu torpaqları quruculuq meydanına çevirib.

Azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən beş milli prioritetdən biri kimi müəyyənləşdirilib.  Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. Müharibə başa çatandan sonra Qarabağın bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən, ümumilikdə, 4311,0 milyon manat vəsait yönəldilib. 2023-cü ilin ilin dövlət büdcəsində isə işğaldan azad olunan ərazilərdə abadlıq və bərpa işlərinin davam etdirilməsi üçün 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bu proqram çox böyük hədəfləri əhatə edir.

Şərqi Zəngəzur iqtisadi rayonu region dövlətlərinin kommunikasiyası üçün geniş imkanlar yaradacaq Zəngəzur dəhlizi üçün böyük perspektiv açır.

Zəngəzur dəhlizi vasitəsilə yaradılacaq dəmir yolu və avtomobil qovşaqları ilə Azərbaycanın iqtisadi rayonları ilə ölkəmizin ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan arasında əlaqələrin yenidən bərpa edəcək.

Qarabağa və ətraf bölgələrə Qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyət daşıyan prosesə çevrilib.  Prezident İlham Əliyevin elan etdiyi Böyük Qayıdış dövlət əhəmiyyətli proqram kimi Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin nəzərdə tutan strategiyanın tərkib hissəsidir. Bu, düşmənin barbarcasına qoyub qaçdığı xarabalıqlar üzərində yeni həyatın dirçəlməsidir. Bu proqram nəticəsində Azərbaycan son 30 ildə dağılmış, düşmənin xəritədən sildiyi kəndlərin, şəhərlərin, tarixi ərazilərin yenidən bərpa olunaraq bu coğrafiyada yerini tutacaq.

“Böyük Qayıdış”  eyni zamanda ölkənin iqtisadi inkişafına töhfə verəcək böyük əkin sahələrinin yenidən istifadəyə verilməsi üçün böyük imkanalar yaradır.

Bu çərçivədə aparılan genişmiqyaslı yollar şəbəkəsi Qarabağın yenidən qurulmasını və daha da inkişaf etdirilməsini təmin edən vacib magistrallara çevrilir. Hava limanları, dəmir yolları  turizmin inkişafına meydan açan möhtəşəm layihələrdir.

Dövlət başçısının Şərqi Zəngəzurda, Laçında və Kəlbəcərdə, Qubadlıda, Zəngilanda və Cəbrayılda təməllərini atdığı hava limanları, yaşayış məskənləri, tunellər, yollar da regionun hərtərəfli inkişafına xidmət göstərəcək. Ağdamda yaradılacaq Sənaye Parkı, Cəbrayılda inşasına başlanmış Kamaz Regional Xidmət Mərkəzi, Araz Vadisi İqtisadi Zonası, Kəlbəcərdə məskunlaşmış heyvandarlıq və arıçılıq təsərrüfatları Qarabağın müasir həyatının reallıqlarıdır.

Şuşada aparılan quruculuq işləri isə Qayıdışın hərəkətverici qüvvəsinə çevrilərək bu proqramın böyük mesajını ifadə edən bir səhnəsidir.

Rəsmi açıqlamalarda Azərbaycanın 2050-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonası yaratmaq barədə niyyəti ifadə olunub. Həmin ərazilərin bərpası zamanı “yaşıl” kənd təsərrüfatı, “ağıllı şəhərlər və kəndlər” konsepsiyasının tətbiqi, “yaşıl” enerji zonasının yaradılması və geniş ərazilərdə meşələrin bərpası bu hədəfə çatmağa imkan yaradacaq. Qlobal iqlim dəyişmələri fonunda “Yaşıl enerji zonaları”nın yaradılması regional səviyyədə ölkəmizin yaşıl inkişafının təmin edilməsinə töhfə olacaq.

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi dövlət tərəfindən prioritet sahələrdən biri kimi elan olunub. Artıq azad edilmiş torpaqlarımızda payızlıq və yazlıq əkinlər aparılır.

 

Odur ki, qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. O torpaqların sakinləri layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.

İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək.

Bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq.

Bütün bu tədbirlərin həyata keçməsi ölkənin infrastruktur orqanizmini canlandırmaqla yanaşı həm də Cənubi Qafqazı yeni simalı geopolitik regiona çevirəcək. Azərbaycanın Qərblə Şərq və Şimalla Cənub arasındakı geostrateji mövqeyi və əhəmiyyəti daha da güclənəcək.

Bütün məcburi köçkünlər əvvəl yaşadıqları məntəqələrə, o cümlədən, Xankəndiyə, Xocavəndə, Ağdərəyə və Xocalıya da öz doğma evlərinə qayıdacaqlar.

Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı, yeni məşğulluq növlərinin yaradlılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir. Ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə olunmuş torpaqların reabilitasiyası üzrə tədbirlərə artıq başlanıb.

Azad olunmmuş ərazilərin yaxın gələcəkdə ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə cəlb edilməsi, bir tərəfdən, yeni iş yerlərinin açılmasına və digər tərəfdən, ümumdaxili məhsulun həcminin kifayət qədər artmasına imkan verəcək. Qarabağın dilbər guşələri Kəlbəcər və Laçın turizm sənayesinin inkişafı üçün böyük potensiala malik bölgələrdir. Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində də öz təyinatına uyğun şəkildə geniş bərpa işləri həyata keçiriləcək. Qarabağ öz yeni həyatına qovuşacaq. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək.

“Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır. –Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması”.

Bu sözləri 2022-ci ilin oktyabrında Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı İlham Əliyev demişdi. Bu xoş çağırışlar Qarabağ yeni nəfəs verir, ölkəmizin bu qədim və dilbər yurdunu əvvəlki növrağına qaytarır. İşğaldan azad olunan ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa və yenidənqurma işləri gələcəkdə sürətli məskunlaşmaya şərait yaradacaq.

Böyük Qayıdış inkişafın mayakına çevrilərək işğalın 30 illik ağır səhifəni qapadacaq və müstəqil Azərbaycanın Zəfərinin vizit kartı olacaq.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb

 

 

 

 

 

 

 

Əvvəlki məqalə

Dələduzluqda ittiham olunun şəxs Belarusdan ölkəmizə gətirilib

Sonrakı məqalə

Yaddaşımız niyə zəifləyir? Qarşısını necə almaq olar? –