SOCAR-da yanvar ayından islahatlar gözlənilir.
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı açıqlama verib. O bildirib ki, yanvar ayında “Azəriqaz” İB SOCAR-ın tərkibindən çıxırılacaq: “Bu qurum, yəni “Azəriqaz” müstəqil təşkilat kimi fəaliyyət göstərəcək. Bundan əlavə, SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın İskəndərovun səlahiyyəti artırılacaq. Belə ki, Yaşar Lətifovun hazırda rəhbərlik etdiyi “Yataqların işlənməsi üzrə vitse-prezident” postu ləğv olunacaq və onun kurasiya etdiyi sahə Daşqın İskəndərovun nəzarətinə veriləcək”.
Mirvari Qəhrəmanlı xatırladıb ki, D.İskəndərovun “Azneft” İB-nin Baş direktoru olduğu dövrlərdə rəhbərlik etdiyi sahədə 11 faciəli qəza hadisəsi baş verib: “Orada Əmək Məcəlləsinin müxtəlif maddələrinin pozulması nəticəsində 120-dək işçinin həlak olması dövrü mətbuatda yazılıb…” .
M.Qəhrəmanlı başqa bir vitse-prezidentin də yaşla bağlı təqaüdə göndəriləcəyini bildirib.
Xatırladaq ki, Daşqın İskəndərov bu ilin dekabrın 3-də “Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsindən çıxarılaraq, SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. O, bu vəzifədə təqaüdə göndərilən Rəhman Qurbanovu əvəzləyib.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev isə bu ilin noyabr ayının 1-də vəzifədən çıxarılaraq, SOCAR-ın Qaz İxrac İdarəsinin rəisi təyin olunub. “Azəriqaz” İB-yə isə qurumun Baş direktorunun müavini Ruslan Əliyev rəhbər təyin edilib.
Onu da qeyd edək ki, SOCAR-da hazırda 13 vitse-prezident postu var.(Mia.az)