“Azərlotereya”nın idarəçiliyi Türkiyə şirkətinə verildi –

10 illik müqavilə bağlandı
27 Fevral 2021 - 16:48

Fevralın 27-də “Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsilə əlaqədar müqavilə imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idaretməsinə verilir. Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür: “Dövlət idarəetmə funksiyalarını tədricən tənzimləmə funksiyaları ilə əvəz etməyə, dövlət şirkətləri üzrə xərcləri azaltmağa və onların idarəçiliyinin effektliyini artırmağa çalışır”.

M. Cabbarov qeyd edib ki, bu məsələdə Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri də xarici investorların, texnologiyaların və texnoloji biliklərin ölkəmizə cəlb edilməsidir: ”2001-ci ildə yaradılmış “Azərlotereya”, tirajlı lotereyaların keçirilməsi sahəsində dövlət inhisarçısıdır. Yeri gəlmişkən, biz ümumilikdə “Azərlotereya”nın fəaliyyətini müsbət qiymətləndiririk. Lakin son illərdə şirkətin təşkil etdiyi oyunlara ictimaiyyətin marağının azaldığı müşahidə olunur. Halbuki Azərbaycanda lotereya oyunlarına maraq daim yüksək olub. Aparılan araşdırmalar göstərir ki, müəssisənin fəaliyyət nəticələri mümkün potensialından azdır. Bu da qara bazarın formalaşmasına gətirib çıxarır. Bu baxımdan müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi zərurəti yaranıb. Cənab Prezidentin bununla əlaqədar vaxtında verdiyi sərəncam da böyük əhəmiyyət daşıyır”.

Nazir bildirib ki, bu müqavilənin imzalanması ilə Azərbaycan lotereya bazarının müasir tendensiyalara uyğun inkişafının təmin edilməsi, Səhmdar Cəmiyyətdə iqtisadi səmərənin əhəmiyyətli şəkildə artacağı gözlənilir.