Azərbaycanın dövlət borcunun ümumi məbləği 25 milyard 686,1 milyon manat təşkil edir. Bura həm xarici, həm də daxili borclar daxildir. Bu, ÜDM-in 21,2 faizidir.
Azpost.info bildirir ki, bu barədə Maliyyə Nazirliyinin gələn ilin icmal büdcəsi ilə bağlı açıqlamasında qeyd olunub.
2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.099,9 milyon dolları vəya 17,0 faiz azalıb.
Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024-cü ilin ilk 6 ayı ərzində xarici dövlət borcu üzrə vaxtı çatmış 1.119,3 milyon dollar məbləğində əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar üzrə 900,0 milyon dollar məbləğində ödənişlərin həyata keçirilməsi olub.
2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.
2024-cü il 1 iyul tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,6 faiz,
Valyutalar üzrə: ABŞ dolları– 86,8 faiz, avro – 6,0 faiz, yapon yeni – 3,0 faiz, digər valyutalar – 0,6 faiz.
Qeyd olunan tarixə, dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 faizini, sabit dərəcə ilə olanlar isə 51,1 faizini təşkil edib.
Xarici dövlət borcunun 42,1 faizi 5 ilə qədər olan müddətdə, 49,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Azpost.info