Azərbaycanın xalq yazıçısı:"Bu yoldan çoxları üz döndərib, pozğun bir həyata düşüb"

Azərbaycanın xalq yazıçısı Natiq Rəsulzadə karantin rejimində nə ilə məşğuldur və oxuculara, xalqa nələri məsləhət görür? Yazıçı ilə söhbətimiz bu barədədir.

– Natiq müəllim, koronavirus bütün dünyanı və sosial həyatı iflic edib. Siz nə düşünürsünüz, hansı hissləri keçirirsiniz?

– İnsan nə kimi hisslər keçirə bilər? Əvvəla, planetin adi ritminin iflicini şəxsən özüm də yaşayıram, həyat ritmim iflic olub. Təbiətcə mən hərəkətli bir insanam, aktiv hərəkətə ehtiyacı olan, xasiyyətcə tez özündən çıxan biriyəm və indi bu hərəkətin kəskin çatışmazlığını hiss edirəm. Mən evin daxilində ev düzəltməyə çalışıram. Çünki düşdüyümüz vəziyyətin ciddiliyini, əhalimizi, bütün dünyanı yaxşı başa düşürəm. Amma mütləq şəkildə qanuna tabe olmağımız və cəmiyyət olaraq hökumətin tələblərinə əməl etməyimiz lazımdır.

– Belə məqamlarda dövlətin və tanınmış şəxslərin dəstəyi insanlar üçün çox vacibdir. Həmvətənlərinizə hansı məsləhətləri verə bilərsiniz?

– Əvvəla, artıq elə bir yaşa çatmışam ki, məsləhət verməyin yaxşılığa yamanlıq kimi bir şey ola biləcəyini dərk edirəm: ağıllı insanlar səni dinləyəcək və bunu özləri üçün edəcəklər, axmaqlar isə qulaq belə asmayacaq və özləri istədikləri kimi hərəkət edəcəklər. Ancaq buna baxmayaraq, siz haqlısınız: belə dövrlərdə insanlar həm dövlətin, həm də məşhur şəxsiyyətlərin dəstəyinə ehtiyac duyurlar. Axı, cəmiyyətdəki hər bir tanınmış insanın öz auditoriyası var və ya indi adət olduğu kimi, öz “büt”lərinin fikirlərini dinləyən azarkeşlər də var. Buna görə də məsləhətlərdə diqqətli olmaq lazımdır.

Hər şeydən əvvəl özünü şəxsi təcrübə və ağlınla idarə etməlisən. İnsana eyni şeyi dəfələrlə təkrarladıqda, o, həmin təkrarlanaraq deyilənləri qəbul etməkdən imtina edəcək. Bir il bundan əvvəl ictimai nəqliyyatda getdiyim zaman hər beş dəqiqədən bir yaşlılara, hamilələrə yer vermək, avtobusda necə oturmaq və içəri necə daxil olmalı olduğumuz barədə təlimatlar səsləndirilirdi. Mən sərnişinlərin simalarına diqqət edirdim, onlar faktiki olaraq, bu çağırışları qəbul etməkdən imtina edirdilər. İnsan psixikası belə nizamlanır – beyin təkrardan tez yorulur. Sizin rəyinizi gözləyən insanlara bir şey söyləməzdən əvvəl diqqətli olmalısınız. Ancaq buna baxmayaraq, danışmaq və inandırmaq zəruridir, bu, hazırda həyati vacib məsələdir.

– Karantin rejimində vaxtınızı necə keçirirsiniz, yeni əsərlər üzərində işləyirsinizmi?

– Bəli, işləyirəm. Deyirlər, hər şərdə bir xeyir var. Özünütəcrid rejimi müəyyən dərəcədə məni yenidən işə qaytardı və yeni bir işə başladım. Ancaq hər hansı bir işimi fəda edərdim ki, bu fəlakət ən qısa zamanda bizdən yan ötsün. Dözmək və uca Allaha güvənmək lazımdır, bəlkə də bu, bəşəriyyəti davamlı olmayan dəyərlərə qaytarmaq cəhdidir, bu yoldan çoxları üz döndərib, pozğun bir həyata, mənfəətə, yalana, xəyanətə, bədbinliyə düşüb…

– İndi əksər insanların kifayət qədər asudə vaxtı var və həmin vaxtı mütaliəyə sərf edə bilərlər. Oxumaq üçün tövsiyə edəcəyiniz və özünüzün də oxumaq istədiyiniz kitablar hansılardır?

– Zövqlə oxuduğum yüzlərlə kitab var. Fikrimi bildirmədən, bəyəndiyiniz hər hansı bir ədəbiyyatı oxumağı məsləhət görürəm. Yaranmış şəraitdə yaşlı insanların davranışları ilə bağlı aşkar faktları təkrarlamayacağam. Özünü təcrid etmək önəmlidir. Ancaq özlərini məşğul etmək üçün heç bir şey olmadıqda, vaxtlarını necə keçirə bilərlər? Hər zaman oxumaq, düşünən bir insan üçün faydalıdır. Amma mənə elə gəlir ki, indi daha vacib şeylər var, daha rasional və lazımlı bir əyləncə.

Geriyə baxmaq, hərəkətlərimizi, düşüncələrimizi, həyatımızı qiymətləndirmək üçün vaxt və fürsətimiz olmadığı zaman sürətli şəkildə və boş yerə yaşayırıq. İndi zamanıdır. Karantin həyatımızı, bu cəmiyyətdəki yerimizi yenidən qiymətləndirmək, əsas suallara cavab vermək üçün fürsət verdi. Biz kimik? Niyə bu dünyaya gəldik? Nələri geridə qoyacağıq? Doğrumu yaşadıq? Yerdəki missiyamızı sevgi ilə yerinə yetirdikmi? Bunlar vacib suallardır. Həyatınız boyu özünüzdən soruşa bilərsiniz. Onlara cavab vermək asan deyil. Ancaq hələlik, gəlin, bu sualları özümüzə verməyi bacaraq.

Pressklub.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirusa yoluxan daha 117 nəfər ölüb

Sonrakı məqalə

“Nəfəsim çatmır, kömək edin” –