“Azəriqaz”ın mərkəzi sistemində nə baş verib? –Minlərlə insan nə üçün qazsız qalıb?

“Artıq iki gündür ki, “Azəriqaz”ın smart kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşdiklərini, kartlardakı balansı sayğaclara yükləmək istədikdə “kart boşdur” mesajı ilə qarşılaşıblar. Bu isə açıq şəkildə göstərir ki, problem kartdan sayğaca ötürülmədə deyil, “Azəriqaz”ın mərkəzi sistemində olub”. 

AzPost bildirir ki, bu barədə İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, “Azəriqaz”ın “backend” sistemi ödənilmiş vəsaiti smart karta yaza bilməyib. Ödəniş sistemlərinin sahibləri və terminallar da problemin “Azəriqaz”dan qaynaqlandığını bildiriblər.

Ekspert əlavə edib ki, “Azəriqaz” ilkin mərhələdə problemin terminallarla bağlı olduğunu açıqlasa da, sonradan kütləvi müraciətlər zamanı sistem yenidən çöküb: “Qış olduğu, ilin sonu olduğu, limitlərin sıfırlanacağı və müraciətlərin artacağı əvvəlcədən məlum idi. Buna baxmayaraq, “Azəriqaz”ın sistemi real yüklə test edilməyib və nəticədə minlərlə insan bayram günü qazsız qalıb. Pul ödənilib, amma balans karta yüklənməyib. Həyati əhəmiyyət daşıyan infrastruktura sahib qurum üçün bu vəziyyət yolverilməzdir”.

O.Gündüz xatırladıb ki, illər əvvəl kommunal xidmətlər üzrə vahid informasiya sisteminin yaradılması ilə bağlı fərman imzalansa da, bu illər ərzində heç nə dəyişməyib: “Təxminən 5 ilə yaxındır bu sistem real olaraq ortada yoxdur. Əgər belə bir sistem mövcud olsaydı, nə bu xaos yaranardı, nə də vətəndaşların ödədiyi vəsaitlər havada qalardı”.

O xatırladıb ki, hər il bu qurumda eyni mahiyyətli problemlər müxtəlif formalarda təkrarlanır: “Azəriqaz” gah uzun müddət evdən çıxanda xəbər etməyi tələb edir, gah da sayğac göstəricilərinin vatsapla göndərilməsini istəyir, bu dəfə də mexaniki sayğacların smart sayğaclardan “daha ağıllı” olduğu iddia edilir və s.

Ümumilikdə isə görünən odur ki, problem təkcə texniki nasazlıqda deyil. Problem bütün xidmət zəncirinin – xidmətin təqdim edilməsinin, “billing” sisteminin qurulmasının, məlumatların idarə olunmasının, sayğacların proqram təminatına müdaxilənin və sayğacların tədarükünün – təbii inhisarçının əlində cəmləşməsindədir.

Xatırladaq ki, bu gün “Azəriqaz” İB smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən problem yaşanır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.