Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bir qrup rəhbər nümayəndəsi təşkilatdakı mövcud vəziyyətlə bağlı bəyanat yayıb.
Azpost.info-nun məlumatına görə, Bəyanatda İttifaqın idarəçiliyində yaranmış hüquqi qeyri-müəyyənliyin təşkilatın gələcək fəaliyyətinə ciddi risk yaratdığı bildirilib.
Sənəddə qeyd olunur ki, AKİ İdarə Heyətinin 2026-cı il 8 may tarixli qərarı ilə Konfransın keçirilməsi yekdilliklə təsdiqlənsə də, həmin qərar icra olunmayıb. Bəyanat müəlliflərinin iddiasına görə, sonradan İttifaqın 27 üzvünün iştirakı ilə saxta imzalar və həqiqətə uyğun olmayan məlumatlar əsasında bəyanat hazırlanıb. Onların fikrincə, bu addım təşkilat daxilində hüquqi qeyri-müəyyənlik yaradıb və Konfransın keçirilməsi Nizamnamənin tələblərinə zidd şəkildə qəsdən pozulub.
Bəyanat müəllifləri vurğulayırlar ki, hazırda İttifaqın səlahiyyətli sədrinin olmaması səbəbindən bütün qərarlar yalnız təşkilatın Nizamnaməsinə və “İctimai birliklər haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilməlidir. Əks halda, qəbul edilən qərarların legitimliyi gələcəkdə hüquqi mübahisələrə səbəb ola və İttifaqın nüfuzuna xələl gətirə bilər.
Sənəddə çıxış yolu kimi İdarə Heyətinin təcili iclasının çağırılması, Konfransın tarixinin qanunvericiliyə uyğun qaydada təsdiqlənməsi və təşkilatın yeni rəhbərliyinin demokratik seçkilər yolu ilə müəyyənləşdirilməsi təklif olunur.
Bəyanat müəllifləri bütün üzvləri şəxsi münasibətlərdən və fərdi mövqelərdən üstün tutaraq Azərbaycan Kinematoqrafçılar İttifaqının hüquqi legitimliyini, nüfuzunu və gələcəyini qorumağa çağırıblar.
Onlar hesab edirlər ki, yalnız qanunun aliliyinə, Nizamnaməyə və şəffaf idarəetmə prinsiplərinə əsaslanan qərarlar təşkilatın normal fəaliyyətini bərpa edə və kino ictimaiyyətində yaranmış gərginliyi aradan qaldıra bilər.
Bəyanatı AKİ-nin katibləri Həmidə Ömərova, Oleq Səfərəliyev, Nadir Bədəlov, Tahir Tahiroviç, Türkan Hüseyn və İcraçı katib Əli İsa Cabbarov imzalayıblar.