Azərbaycan ərazisində yaşayan insanların təxminən 5 min il əvvəl nə ilə qidalandığına dair dünya elmi üçün mühüm əhəmiyyət daşıyan yeni faktlar ortaya çıxıb.
Göranboy rayonundakı Qaraçinar qədim yaşayış yerində aparılan tədqiqatlar göstərib ki, İlk Tunc dövründə burada yaşayan insanlar süd məhsulları, üzüm əsasında hazırlanmış içkilər, meyvələr və hətta darıdan hazırlanan qida məhsullarından istifadə ediblər. Araşdırmanın nəticələri dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri olan Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.
Azpost.info xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, elmi məqalə Azərbaycanın Göranboy rayonunda yerləşən çoxtəbəqəli Qaraçinar yaşayış yerindən əldə olunmuş maddi mədəniyyət nümunələrinin müxtəlif laborator analizlərinin nəticələrinə həsr olunub.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib ki, Qaraçinar yaşayış məskəni 2019–2024-cü illərdə institutun alimləri Müzəffər Hüseynov və Bəxtiyar Cəlilovun rəhbərliyi ilə tədqiq edilib.
Beynəlxalq ekspedisiya yaşayış yerinin İlk Tunc dövrünə, yəni e.ə. 2880–2600-cü illərə aid Kür-Araz mədəniyyəti təbəqəsindən aşkar olunmuş 52 keramika nümunəsini texnoloji, morfoloji, trasoloji və biomolekulyar analizlərə cəlb edib.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin dövrdə insanların qida rasionu kifayət qədər zəngin olub. Əsas qidaları gövşəyən ev heyvanlarının südündən hazırlanan süd məhsulları, iri və xırdabuynuzlu heyvanların piyi, müxtəlif meyvələr və üzüm əsasında hazırlanan içkilər təşkil edib.
Alimlər müəyyən ediblər ki, yeməklərin hazırlanmasında bitki yağlarından, mumlardan və iynəyarpaqlı ağacların qətranından da istifadə olunub. Bu maddələr həm qidalara xüsusi dad vermək, həm də onların daha uzun müddət saxlanılması üçün təbii konservant rolunu oynayıb.
Keramika qablarının daxili səthində üzüm və digər meyvələrin molekulyar izlərinin aşkarlanması qədim insanların kulinariya ənənələrinin düşündüyündən daha inkişaf etmiş olduğunu göstərir. Tədqiqatçılar hesab edirlər ki, fermentləşdirilmiş meyvə qatqıları hətta pendir istehsalı kimi biokimyəvi proseslərdə də istifadə olunub.
Araşdırmanın ən maraqlı nəticələrindən biri isə darı ilə bağlıdır. Fərhad Quliyevin sözlərinə görə, İlk Tunc dövründə becərilən darının Mərkəzi Asiyadan min kilometrlərlə qərbdə – məhz Azərbaycanın Qaraçinar yaşayış yerində aşkar edilməsi ilk dəfə qeydə alınıb.
Bu fakt həmin dövrdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ticarət və mədəni əlaqələrin mövcudluğuna dair yeni elmi sübut hesab olunur.
Tədqiqat keramika qablarının istifadə məqsədini də müəyyənləşdirib. Belə ki, monoxrom qablar əsasən yemək bişirmək üçün, qırmızı-qara cilalı qablar isə xam süd məhsullarının, meyvə və üzüm içkilərinin, o cümlədən şərabın saxlanılması üçün istifadə edilib.
Fərhad Quliyev bildirib ki, əldə edilən nəticələr Kür-Araz mədəniyyəti cəmiyyətində qida məhsullarının sosial bölgüyə görə fərqlənmədiyini də göstərir. “Mesopotamiyada belə içkilər və xüsusi təamlar əsasən zadəganlara və kahinlərə məxsus idi. Qaraçinar materialları isə göstərir ki, Kür-Araz mədəniyyətində zəngin qidalar və məstedici içkilər cəmiyyətin bütün üzvləri üçün əlçatan olub”, – deyə alim qeyd edib.
O vurğulayıb ki, qədim insanların qidalanma vərdişlərinin öyrənilməsi hazırda dünya elminin əsas istiqamətlərindən biridir və bu sahədə AMEA Arxeologiya və Antropologiya İnstitutu beynəlxalq elmi mərkəzlərlə yanaşı, UNEC Tədqiqat Fondu ilə də əməkdaşlığı davam etdirəcək.
Qeyd edək ki, tədqiqatın həmmüəllifləri arasında Azərbaycan alimləri ilə yanaşı, Avstriya Elmlər Akademiyası, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS), Almaniyanın Bonn və Tübingen universitetləri, Côte d’Azur Universiteti və İtaliyanın Bari Universitetinin tanınmış tədqiqatçıları da yer alıblar. Bu isə araşdırmanın beynəlxalq elmi əhəmiyyətini bir daha təsdiqləyir.