“Bəyin oğurlanması” ilkin variantda komediya filmi deyildi” –VAQİF MUSTAFAYEV

““Bəyin oğurlanması” ilkin variantda komediya deyildi, daha çox musiqili drama bənzəyirdi. On gün ərzində indi gördüyünüz “Bəyin oğurlanması”nı yazdım”.

Azpost.info bildirir ki, bu barədə görkəmli kino rejissor Vaqif Mustafayev “Fokus” analitik kino jurnalına müsahibəsində deyib.

Əvvəlki ssenari barədə danışan rejissor deyib ki, tam ayrı bir quruluş nəzərdə tutulurdu: “Kimsə nəsə çəkmək istəyirdi, kosa öz kökünü axtarırdı, yerin altı ilə gedirdi, nənə öz nəvəsini kiminləsə görüşməyə qoymurdu. Mən on gün ərzində indi gördüyünüz “Bəyin oğurlanması”nı yazdım və çəkdim: rejissorun tərəddüdləri, dramı, “yenidən dünyaya gəlsəydim, rejissor olmazdım” replikası, “salam-sağol”, Miriş, İsrafil obrazı, Yaşar Nurinin obrazı, onun sevgi hekayəsi, Musa ilə qrimçi qızın münasibəti ilk variantda yox idi. Səyavuş Aslanın obrazı başqa funksiya daşıyırdı. Mən bunların hamısını yenidən işlədim və paralel bir neçə sevgi xətti əlavə etdim. Muxtar Maniyevin Səyavuş Aslana şillə vurmağını, Nəsibə Zeynalovanın “Antonio, əzizim” replikasını isə, demək olar ki, çəkiliş meydançasında düşünmüşdüm”.

V.Mustafayev bildirib ki, “Bəyin oğurlanması” filmindəki  obrazların hamısı həyatdan gəlib: “Bibixanım qonşu qadından götürülüb, elə adı da eyniydi. İsrafil də bir tanış idi. Bilirsiniz, bunların hamısı həyatdır, sadəcə, görüb üzə çıxarmaq lazımdır. Mən bunları özümlə öyünmək üçün demirəm. Bu, öz-özünə baş verən prosesdir. Ümumiyyətlə, sənət mənim üçün sirdir. Məndən nəyi necə etdiyimi soruşsanız, bunu özüm də başa düşmürəm. Öz-özünə alınır. Məndən asılı deyil”.

“Bəyin oğurlanması” filminin klassikaya çevrildiyini, tamaşaçıların ona hələ də böyük zövqlə baxdıqlarını görəndə mənim, həmkarlarımın, o gözəl aktyorlarımızın əməyinin hədər getməməsi məni çox sevindirir”-deyə o vurğulayıb.

Rejissor deyib ki, onda ssenari problemi yoxdur, çünki nə çəkmək istədiyimi bilir: “Əvvəlcə ideya, fikir gəlir, sonra ssenarini yazıram. Məsələn, “Musiqili xaş” filminin ideyası… Həyat, məişət tərəfindən əzilmiş insanlar gecə ilə səhər arasındakı bir-iki saatda daha çox yaşayırlar, nəinki sutka ərzində. Bu film, əslində, üç hissə olmalı idi, qısaltdılar. O vaxtlar kurs işlərinə də ideoloji senzura tətbiq olunurdu. Ya da “Belə lazımdır” filmi. SSRİ-nin baş redaktoru Boqomolov şəxsən gəldi və filmə tək baxdı. Halbuki bir tələbə tərəfindən çəkilmiş kurs işi idi. Özü də Boqomolov çar polisinin rəisinə oxşayırdı, hamı qarşısında əsirdi. Filmə baxandan sonra çıxdı və məni yanına çağırıb dedi ki, çalışın, daha çox idman filmləri çəkin. Çünki orada ideologiya yox idi.  Filmin axırında Səməndər Rzayevin qəhrəmanı soruşur ki, Əhmədov, de görüm, xoşbəxtsən? Əhmədov da qayıdır ki “bəs siz”? O da “mən də” deyə cavab verir. Çünki sovet vaxtı “mən xoşbəxt deyiləm” demək olmazdı”.

V.Mustafayev deyib ki, bəzi kino xadimlərimiz Azərbaycan kinosunun digər ölkələrdən geri qaldığını düşünürlər. Bu, natamamlıq kompleksidir: “Biz geri qalmışıqsa, onların kinosu daha çox inkişaf edibsə, onda sən nəyə lazımsan? Elə et ki, sənin kinon da inkişaf etsin. Hər halda, Vaqif Mustafayev bunu etməyə çalışır. Mən heç vaxt deyə bilmərəm ki, filan ölkənin kinematoqrafiyası bizimkindən üstündür. Məndən Azərbaycan kinosuna münasibətimi soruşanda deyirəm, Azərbaycan kinosu dünyada yeganə kinematoqrafiyadır ki, onun bir özəlliyi var: bu gün xoşuna gəlməsə də, sabah, ya birisi gün mütləq xoşuna gələcək. Çünki bu müddətdə sənin nostalji hisslərin daha da artacaq və zənginləşəcək. Buna “doğma kino” fenomeni deyirlər. Təbii ki, mən bizim filmlərə baxanda içimdəki peşəkar kinematoqrafçını söndürürəm və o filmlər mənə ləzzət verir”.

Azpost.info

 

 

Əvvəlki məqalə

Kreml Kaxovka SES-də baş verənləri şərh edib

Sonrakı məqalə

“İki gündür əks-hücum başlayıb, Zelenski də susur, Qərb də”