Bağlı məscidlərin açıq mesajı –Şeyxülislamı narahat edən nə olub?

Qafqaz Müsəlmanları İdarəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyini bəyan edib.

Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə keçirdiyi konfransda bildirib ki, Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məramı ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır.

QMİ sədri çıxışında mühüm bir məqama toxunub. O deyib ki, bu məramın bəzən bilərəkdən təhrif olunması cəhdləri yolverilməzdir.

QMİ sədri bu yanaşmada bəzi qüvvələrin dövlətlə dindarı qarşı-qarşıya qoyma məkrinin olduğunu istisna etməyib. O bildirib ki, dindarlar hər zaman dövlətin yanındadırlar və onun zəruri qərarlarını anlayış və hörmətlə qarsılayırlar.

QMİ sədri din xadimlərinin dövlətin dinimizə qayğı və diqqətlə yanaşmasından razı olduğunu vurğulayıb.

A.Paşazadənin sözlərinə görə, din xadimlərimizin ölkəmizdəki məzhəblərarası harmoniya mühitinin qorunub saxlanılması, kənar qüvvələrin daxili sabitliyimizi hədəf alan, dini mühitimizə yönəlik məkrli addımlarının qarşısının alınması üçün əllərindən gələni əsirgəmirlər.

Bəs QMİ sədrini narahat edən hansı məqamlar olub?

Bu gün bütün dünyanı cənginə almış Pandemiya dövlətləri bir hədəfdə birləşdirib. Kütləvi yoluxma bəlasına yol verməmək  ölkələrin əsas məsələsini təşkil edir. Koronavirus pandemiyası çoxillik ənənələri, mərasimləri arxa planda saxlayaraq insan sağlamlığının vacibliyini önə çəkib.

Azərbaycan da bu bəlaya qarşı effektli mübarizənin ilk sıralarında dayanaraq lazım olan bütün tədbirləri həyata keçirir. Sərhədlər bağlanıb, yoluxma ocaqları ola biləcək kütləvi tədbirlərin keçirilməsi qadağan olunub, tədris müəəssələri qapanıb, iri ticarət mərkəzləri fəaliyyət göstərmir. Bütün bu tədbirlərin əsas məqsədi vətəndaşların sağlamlığını qorumaq, virusun acı fəsadının genişlənməməsidir.

Bu sırada dini rituallar da mühüm aspekt sayılır. Müsəlman ölkəsi sayılan Azərbaycanda dini mərasimlərin keçirilməsi üçün dövlət bütün şəraiti yaradıb. Hər gün məscidlərdən, kilsədən, sinaqoqlardan yüksələn dua və edilən ibadətlər çoxkonfessiyalı dövlətimizin tolerantlıq nümayişinin parlaq təzahürüdür. Səmavi dinlərin mehriban yaşadığı bir məmləkətdə illər boyu ən müxtəlif qüvvələr nə qədər istəsələr də münaqişə sala bilməyiblər.

Azərbaycan iqtidarının bu yöndə apardığı tolerantlıq siyasəti mədəniyyətlərarası əməkdaşlığın ən yaxşı nümunəsinə çevrilib.

Bu baxımdan Pandemiya dindarlarlar üçün də bir sınağa çevrilib. Müsəlman və xristian dünyasının müqəddəs ibadətgahları ziyarətçiləri qəbul etmir, min illik ənənəvi mərasimlər təxirə salınır. Müsəlmanlar müqəddəs Həcc ziyarətinin təxirə salınmasını, Ramazan bayramını karantin şəraitində keçirilməsini anlayışla qarşıladılar.

Bütün bunların fonunda Azərbaycanda Məhərrəmlik mərasiminin keçirilməsi ilə bağlı elan olunan mövqeyi QMİ-nin Pandemiya dövründə daha bir addımı oldu.

Bu qərarların hamısı müstəqil Azərbaycanın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən qəbul edilib.

Təəssüf doğuran məqam odur ki, bir sıra maraqlı qüvvələr QMİ-yə qarşı tutduqları qərəzli münasibətində qurumu və onun başçısını hər hansı mifik “xarici qüvvələrə” bağlılıqda ittiham etməkdən usanmırlar. Halbuki yaxın tarixin səhifələrini vərəqlədikdə bütün bu yalanların necə puç olduğunu görmək olar.

QMİ-yə qarşı gözdənsalma kampaniyası aparanlar əslində bu tarixdən yaxşı xəbərləri var. Lakin indiki durumda, sovetsayağı ateist tezisləri altında gizlənərək püskürdükləri yalanlar və iftiralar dövlətin və cəmiyyətin harmoniyasının pozulmasına yönəlib.

Şeyxülislamın zaman-zaman Rusiyanın ölkəmizə, bölgəmizə qarşı aqressiv siyasətinə qarşı mövqeyi son 30 ilin ictimai-siyasi həyatını izləyən hər kəsə bəllidir. Azərbaycanın milli azadlıq mübarizəsinə dəstək verən A.Paşazadə bu mübarizəni beşiyində boğmağa qərar vermiş sovet Rusiyasının ona təklif edilmiş idbar planlarını dağıdıb, rəhbərlərini qanlı Yanvara görə açıq lənətləyib.

QMİ sədri xaricdən ölkəmizə “din ixracı”na qarşı ciddi sədd quraraq dövlətlə çiyin-çiyinə durub. Həmin qarmaqarışıq dövrdə digər postsovet ölkələrini təcrübə plantasiyasına çevirən bu “inanc alverçiləri” üçün Azərbaycan alınmaz qala oldu. Şeyxülislamın Qafqazın üzərini qara buludlar alarkən Moskvanın təcavüzkar siyasətinə etirazı indiyə qədər unudulmayıb.

İslam dünyasında məzhəb ayrı-seçkiliynin əleyhinə olan din xadimi kimi tanınan A.Paşazadə müsəlman həmrəyliyi üçün töhfələrini verən bir şəxs olaraq qiymətləndirilib.

Hər dövlət üçün son dərəcə önəmli olan dini sabitlik milli təhlükəsizliyin əsas prioritetlərindən sayılır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin vacib məqamı birgəyaşayışın bu prinsip əsasında təşkilidir. Bunun üçün QMİ-nin çoxillik təcrübəsi və fəaliyyəti bu zəmində vacib faktor kimi çıxış edir. QMİ öz fəaliyyəti ilə Azərbaycanın tolerantlıq siyasətinin dünyada təbliği üçün uğurlu platformaya çevrilib. Bu cameədə cəmləşən yüz minlərlə inanclı insan doğma vətənləri Azərbaycanın rifahı üçün çalışır və dövlətimizin çiçəklənməsi üçün dualar edirlər. Dini hisslərin siyasi maraqlar üçün “silaha” çevrlidiyi, mürəkkəb münasibətlərin hökm sürdüyü bu günkü zəmanədə dini sabitlik məkanı olan ölkəmiz dünyada bir çox ölkələr üçün nümunədir.

Emin ABBASOV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarpız zəhərlənməsindən necə qorunmaq olar?

Sonrakı məqalə

Lalə Şövkət əməliyyat olunub-