Bakı Baş Səhiyyə Mərkəzinin 2 milyonluq təmiri –Müqavilə imzalanan şirkət kimindir?

Baki Baş Səhiyyə Mərkəzi “SM Construction Supplies” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Azpost.info xəbər verir ki, maliyyə dəyəri 2 067 018.47 AZN təşkil edən müqavilədə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin binalarına və isitmə sistemlərinin cari təmir xidmətinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “SM Construction Supplies” MMC 20 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Heydərli Ehtiram Etibar oğludur.

Açıq mənbələrdə MMC-ilə bağlı yalnız Koronavirusla Mübarizə Fonduna 500 AZN köçürməsi barədə məlumata rast gəlinir. Yerli mediada şirkətin şübhəli tenderlərdə iştirakına dair məlumatlar yer alıb. MMC-nin qanuni təmsilçisi Ehtiram Heydərliyə gəlincə, onun adı iki məhkəmə çəkişməsində keçir. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə “Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edir. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb.

H.ABBAS

Əvvəlki məqalə

“Müxalifətlə dialoq davam edir, görüşlər olacaq” –

Sonrakı məqalə

“Rusiya və Suriya ilə aparılan işlər sayəsində 550 min qaçqın vətəninə qayıdıb”