“Müxalifətlə dialoq davam edir, görüşlər olacaq” –YAP-dan İlqar Məmmədova CAVAB

“Müxalifət partiyaları ilə iqtidar və Yeni Azərbaycan Partiyası arasında dialoq prosesi davam edir. Bu istiqamətdə xeyli müsbət addımlar atılıb”.

Bu barədə Azpost.info-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nəzarət Təftiş Komissiyasının üzvü Musa Musayev bildirib.

Məlumat üçün deyək ki, bir müddət əvvəl Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov iqtidarla dialoq prosesinin yenilənməsini təklif etmişdi. REAL sədri bildirmişdi ki, növbəti mərhələdə əsas diqqət daxili siyasətə istiqamətlənməlidir.

Musa Musayev isə bildirib ki, dialoq prosesində hər hansı problem yoxdur: “Ədalət Vəliyev Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri olaraq hakimiyyət təmsilçisi kimi müxalif partiya sədrləri ilə görüşlər keçirib. Ölkədəki ictimai-siyasi vəziyyət, eyni zamanda partiyaların problemləri müzakirə olunub. Hətta bəziləri ilə bir neçə dəfə görüş keçirib. Digər tərəfdən, Yeni Azərbaycan Partiyası təşkilatın 30 illiyi ilə bağlı tədbirə müxalif partiyaları da dəvət etmişdi. Yəni, islahatlar dalğası başlayandan bu yana dialoq prosesi ilə bağlı bir çox addımlar atılıb. Dialoqun yenilənməsi deyəndə, güman edirəm ki, görüşlər davam edəcək və təbii ki, hər güörüşdə yeni məsələlərin müzakirəsi həyata keçiriləcək. Yeni Azərbaycan Partiyası heç zaman dialoqdan imtina etməyib və bu prosesin əsas tərəfdarı kimi çıxış edib”, – deyə Musa Musayev vurğulayıb.

H.ABBAS

Əvvəlki məqalə

Hind rejissoru Bakıya gətirdiyi aktrisaya təcavüz etmək istədi –

Sonrakı məqalə

Bakı Baş Səhiyyə Mərkəzinin 2 milyonluq təmiri –