Bakı metrosunun yeni stansiyası dörd səviyyədən ibarət olacaq –FOTO

Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, uzunluğu 170 metr olan “B-04” stansiyanın kompleksi dörd səviyyədən ibarət olacaq.

“Bakı Metropoliteni” QSC-dən “Economics”ə verilən məlumata görə, hazırda birinci mərhələ çərçivəsində kassa zalı səviyyəsində torpaq qazıma və döşəmə tavasının monolit dəmir-betonlama işləri yerinə yetirilir.

Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə aparılır. Yuxarı qatda yerləşən kassa zalı və vestibüldən sonra ikinci səviyyə, keçid və yaxud texniki səviyyənin inşasına başlanılacaq. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin qatıdır. Sonuncu, platforma səviyyəsi, başqa sözlə, qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalından ibarət olacaq. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.

“Memar Əcəmi” stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Ekoloji cəhətdən daha səmərəli olan üsul həm də məhdud məkanda tikintinin effektiv qaydada aparılmasına, qənaətə nail olunmasına şərait yaradır.

“Qruntda divar” üsulunun tələblərinə uyğun olaraq, inşaatın ilkin hazırlıq mərhələsində monolit dəmir-beton panelləri quraşdırılmışdı. Həmin dövrdə 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub. Platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulan stansiya yolu da qazılıb.

Texnoloji tələblərin ardıcıllığına uyğun olaraq, stansiyanın keçidləri bütün işlərin sonunda yerinə yetiriləcək. Hazırda inşa olunan kassa zalı səviyyəsindən 4 giriş-çıxışın olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.

Bu stansiyada da səviyyədən səviyyəyə keçid eskalatorlar və pilləkənlərlə təmin ediləcək. Xəttin digər stansiyalarındakı kimi əlil arabalarının stansiyaya endirilməsi üçün liftlər quraşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səhiyyə Nazirliyi “WhatsApp”da “spam” mesajlarla bağlı əhaliyə xəbərdarlıq edib –

Sonrakı məqalə

Polis xidmət zamanı qəzaya düşüb öldü