Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara əlavə avtobusların cəlb olunması prosesi davam etdirilir. Bu gün daha 12 marşrut xəttinə 20 əlavə avtobus buraxılıb. Hazırda 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus cəlb edilib.
AYNA-dan bildirilib ki, həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətlərinə buraxılıb.
Bu gün müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1886-dır. Ötən ilin eyni dövründə bu rəqəm 1697 olub. 189 avtobusun əlavə edilməsi illik 50 milyon səfər imkanının yaradılması deməkdir.
Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.