Bakıda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçirilir

Mayın 17-də Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) işə başlayıb.

“Caspian Agro” sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla, minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayır.

Açılış mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyi sədr Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəsini icra edən Xəyalə Dadaşova, “Caspian Event Organisers” Baş direktoru Fərid Məmmədov çıxış edərək, üç gün davam edəcək sərgi barədə fikirlərini bölüşüblər.

Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail və Hindistan şirkətləri yer alır. Hər iki sərgidə iştirakçıların 71 faizini xarici şirkətlər təşkil edir.

Sərgi kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma sistemləri, elektron kənd təsərrüfatı, istixana bölmələri, eləcə də pilotsuz uçuş aparatları, IT xidmətləri, əşyaların interneti, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrdən ibarətdir. Sərgi zamanı Kənd Təsərrüfatı Nazirliyinin təmsil olunacağı pavilyonda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş təqdimat, Elmi-Tədqiqat institutlarının ən son nailiyyətləri, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap müsabiqələrin qaliblərinin məhsul və həlləri, yaşıl enerji mənbələrinə dair qurğu və məhsullar nümayiş olunur.

“Caspian Agro” sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Aqrar İnnovasiyalar Forumu” adı altında kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən panel müzakirələri keçiriləcək.

Sessiyalar zamanı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunacaq, bu sahədə tətbiq edilən innovativ həllər və nəticələr barədə informasiya-məsləhət xarakterli məlumatlar bölüşüləcək, regionlardan gələn sahibkar və fermerlərin sərgi ərazisi ilə tanış olmaları üçün infoturlar təşkil ediləcək.

Əvvəlki məqalə

“Günay Bank”da 70 milyon manat əmanət bata bilər

Sonrakı məqalə

Məhkəmə Sarkozini bir il müddətinə həbsə göndərdi