Dekabrın 5-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə”Nəsimi 650: haqqın carçısı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
“Qurani-Kərim”in tilavəti ilə başlayan tədbirdə çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə 2019-cu ilin “Nəsimi ili” elan edilməsinin Prezident İlham Əliyev tərəfindən xalqımızın tarixinə verilən ən böyük dəyərlərdən biri olduğunu deyib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev Suriyaya səfəri zamanı Nəsiminin qəbrini ziyarət etdi. Bununla da Nəsimiyə və onun yaradıcılığına baxış dəyişdi. Nəsimi haqqında çoxlu əsərlər yazılıb. Lakin onun yaradıcılığının tədqiqinə hələ də böyük işlər görülməlidir. Nəsimini hələ də öyrənmək lazımdır.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar şair və mütəfəkkir Nəsiminin yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, keçmiş Sovetlər Birliyi dövründə Nəsiminin ateist kimi təqdim olunması tamamilə yanlış addım idi. Böyük şair öz əsərlərində dəfələrlə müsəlman olması ilə qürur duyduğunu dilə gətirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsinin təkcə Nəsiminin deyil, eyni zamanda, digər böyük mütəfəkkirlərimizin də yaradıcılığının araşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
“Bu gün biz tariximizə qayıdırıq. Bu, böyük qayıdışdır. Çünki uzun illər tariximizi araşdırmaq bizim öz əlimizdə olmayıb. Bu gün biz tariximizə yenidən baxır və böyük şəxsiyyətlərimizə lazım olan qiyməti veririk”, – deyə Komitə sədri əlavə edib.
Sonra çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamının Nəsiminin yaradıcılığına yenidən baxılması istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyib. Qeyd edib ki, Nəsimi öz düşüncəsinə, əqidəsinə sadiq mütəfəkkir olub. Nəsimi gənclərimiz üçün böyük örnəkdir. Ulu öndər Heydər Əliyev də böyük şairin yaradıcılığının araşdırılmasına xüsusi diqqət yetirirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Vüsal Hətəmov, Tehran Ali məktəblərinin türk və fars dilləri üzrə müəllimi Hüseyn Məhəmmədzadə Sədiğ, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digər çıxış edənlər Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalan, bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradan dahi mütəfəkkirin yaradıcılığının müxtəlif məqamlarına toxunublar. Bildirilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub, bu təlimi təbliğ etməkdən dönməyib. Bəşəri dəyərlər, insana sevgi, azadlıq və əmin-amanlığa çağırış qayəsi olan İmaməddin Nəsimi bədii yaradıcılığı ilə bunu bir daha sübut edib.