Bakıda narkotik satan qadın tutulub

01 Noyabr 2021 - 15:32

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Əsmər Kazımova Qara Qarayev prospektində narkotik vasitələrin satışını həyata keçirən zaman tutulub. Onun üzərində şəxsi axtarış aparılarkən 17 bükün satış üçün qablaşdırılan narkotik vasitə marixuana aşkar edilib. Əsmər Kazımova ifadəsində narkotik vasitələri Bəxtiyar və Elmir adlı şəxslərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin qadına narkotik vasitəni satan Bəxtiyar Qasımlı və Elmir Ağamalılı da saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxsin üzərindən bir kibrit qutusu marixuana aşkar olunub. Əlavə olaraq Bəxtiyar Qasımlının Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən mənzilinə baxış zamanı 19 kibrit qutusunda satış üçün saxladığı marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərin hər biri izahatlarında Nizami, Suraxanı və paytaxtın digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir