Günəşlidə sərnişin avtobusu beş avtomobilə çırpıldı

sərnişin
sərnişin

Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

AzPost xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayımlanıb.

Qeyd olunub ki, 50 nömrəli xətt üzrə hərəkət edən avtobus yol kənarındakı arakəsməyə çırpılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli Oxu.az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 14:00-da baş verib:

“İlkin məlumata əsasən, hadisə nəticəsində altı nəqliyyat vasitəsinə ziyan dəyib. Belə ki, 50 nömrəli xətt üzrə hərəkət edən avtobus digər beş nəqliyyat vasitələrinə çırpılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb”, – deyə R. Əhmədli bildirib.

Qeyd edək ki, daha əvvəl Suraxanı rayonu Günəşli qəsəbəsi ərazisində sərnişin avtobusu qəza törədərək hasara çırpılmışdı.

Xatırladaq ki, dünən

Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilin üstünə aşıb.

Məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.