Azərbaycanda elektrik enerjisi sektorunun fəaliyyəti geniş şəkildə araşdırılacaq. Nazirlər Kabinetinin qərarı ilə yaradılan xüsusi komissiya təkcə elektrik enerjisinin istehsalı və ötürülməsini deyil, həm də “Azərenerji” və “Azərişıq” ASC-lərin maliyyə-təsərrüfat fəaliyyətini, idarəetmə mexanizmlərini və iqtisadi səmərəliliyini qiymətləndirəcək. Araşdırmaya beynəlxalq məsləhətçi şirkətlər də cəlb olunacaq.
Bu qərar enerji sektorunda hansı dəyişikliklərə yol aça bilər və nəticədə elektrik enerjisinin qiymətinə təsir mümkündürmü?
Komissiya niyə yaradıldı?
Baş nazir Əli Əsədovun noyabrın 23-də imzaladığı sərəncamla elektroenergetika sahəsində səmərəliliyin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya energetika naziri rəhbərlik edəcək. Tərkibə iqtisadiyyat və maliyyə nazirliklərinin nümayəndələri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri, SOCAR-ın prezidenti, Prezident Administrasiyasının və Nazirlər Kabinetinin nümayəndələri daxil edilib.
Sərəncamda qarşıya bir neçə mühüm vəzifə qoyulub. Bunlara ölkənin elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının qiymətləndirilməsi, elektrik enerjisinin ötürülməsi və paylanmasında mövcud vəziyyətin araşdırılması, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının səmərəliliyinin təhlili daxildir. Bununla yanaşı, “Azərenerji” və “Azərişıq” ASC-lərin maliyyə-təsərrüfat fəaliyyəti və idarəetmə mexanizmləri də qiymətləndiriləcək. Komissiyaya beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə iki ay ərzində araşdırma aparmaq və nəticələri Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Bu qərarın diqqətçəkən tərəfi ondan ibarətdir ki, araşdırma yalnız texniki məsələlərlə məhdudlaşmır. Elektrik enerjisinin istehsalından istehlakçıya çatdırılmasına qədər bütün sistemin iqtisadi və idarəetmə səmərəliliyinə baxılacaq.
Azərbaycanın elektrik enerjisi potensialı nə qədərdir?
Energetika Nazirliyinin 2025-ci il üzrə hesabatına əsasən, Azərbaycanda ötən il 28,66 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. İstehlak isə 24,56 milyard kilovat-saat təşkil edib. İstehsalın 24,82 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 2,84 milyard kilovat-saatı su elektrik stansiyalarının, 991,7 milyon kilovat-saatı isə digər mənbələrin payına düşüb. Ölkənin enerji sisteminin ümumi qoyuluş gücü 9732,5 meqavata çatıb. Bununla belə, elektrik enerjisi istehsalında istilik elektrik stansiyaları hələ də əsas mövqeyini qoruyur.
2025-ci ildə elektrik enerjisinin ixracı 1,148 milyard kilovat-saat, idxalı isə 177,4 milyon kilovat-saat olub. İxracın əsas istiqamətləri Türkiyə və Gürcüstan olub.
Bu göstəricilər Azərbaycanın elektrik enerjisi istehsalında müəyyən ehtiyatlara və ixrac imkanlarına malik olduğunu göstərir. Ancaq istehsal gücünün çox olması bütün enerjinin istehlakçıya eyni səmərəliliklə çatdırılması demək deyil. Burada ötürücü və paylayıcı şəbəkələrin vəziyyəti, texniki itkilər, enerji sisteminin idarə edilməsi və istehsal xərcləri mühüm rol oynayır.
Elektrik enerjisinin istehsalında səmərəlilik artırılır
Son illərdə Azərbaycanda enerji istehsalının səmərəliliyinin yüksəldilməsi üçün iri layihələr həyata keçirilir.
Bunlardan biri Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernləşdirilməsidir. 2025-ci ilin iyununda 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyası istifadəyə verilib. Energetika Nazirliyinin məlumatına görə, yeni stansiyada bir kilovat-saat elektrik enerjisinin istehsalına şərti yanacaq sərfi 220 qram təşkil edir. Bu göstərici “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə 120 qram aşağıdır. Eyni zamanda, “Azərbaycan” İES-in iki enerji blokunun buxar turbinləri də zəmanətli əsaslarla modernləşdirilib. Bu barədə “Azərenerji”nin baş mühəndisi Fariz Zeynalov 2025-ci ilin iyununda mediatur zamanı məlumat verib.
Modernləşdirmə enerji istehsalında yanacaq sərfinin azaldılması və stansiyaların səmərəliliyinin artırılması baxımından əhəmiyyətlidir.
Lakin enerji sektorunda yalnız yeni elektrik stansiyalarının tikilməsi kifayət etmir. İstehsal olunan enerjinin ötürülməsi və paylanması zamanı itkilərin azaldılması da vacibdir. Məhz buna görə yeni komissiyanın qarşısında qoyulan vəzifələrdən biri də şəbəkələrin mövcud vəziyyətinin araşdırılmasıdır.
Elektrik enerjisinin qiymətinə təsir olacaqmı?
Komissiyanın yaradılması ilə bağlı ən çox maraq doğuran məsələlərdən biri tariflərin gələcək taleyidir.
Hazırda bu qərarda elektrik enerjisinin tariflərinin artırılması və ya azaldılması ilə bağlı konkret göstəriş yoxdur. Başqa sözlə, komissiyanın yaradılması avtomatik olaraq qiymət dəyişikliyi demək deyil. Ancaq araşdırmanın nəticələri gələcək tarif siyasəti üçün müəyyən iqtisadi əsaslar yarada bilər.
Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması xərcləri, şəbəkələrdə texniki itkilər, dövlət müəssisələrinin maliyyə vəziyyəti və investisiya ehtiyacları qiymətləndirildikdən sonra sektorda hansı dəyişikliklərin zəruri olduğu müəyyənləşə bilər. Məsələn, texniki itkilərin azaldılması və istehsal xərclərinin optimallaşdırılması elektrik enerjisinin maya dəyərinə müsbət təsir göstərə bilər. Əksinə, şəbəkələrin yenilənməsi və yeni infrastrukturun qurulması üçün böyük investisiya ehtiyacı yaranarsa, bu xərclərin maliyyələşdirilməsi məsələsi də gündəmə gələcək.
Burada əsas məsələ səmərəliliyin artırılması nəticəsində əldə edilən qənaətin istehlakçılara hansı formada əks olunacağıdır.
Yaşıl enerji elektrik bazarını necə dəyişəcək?
Komissiyanın araşdıracağı digər istiqamət kiçik su elektrik stansiyalarının tikintisi və istismarının səmərəliliyidir. Bu məsələ Azərbaycanın bərpa olunan enerji potensialının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücü 1829,6 meqavat olub. Bu, ölkənin ümumi enerji gücünün təxminən 18,8 faizini təşkil edir.
Qaradağ Günəş Elektrik Stansiyası, Xızı-Abşeron Külək Elektrik Stansiyası, Cəbrayıl və digər ərazilərdə həyata keçirilən layihələr enerji istehsalının mənbələrini şaxələndirir. Lakin günəş və külək enerjisinin istehsalı hava şəraitindən asılı olduğuna görə bu mənbələrin ümumi enerji sisteminə inteqrasiyası əlavə texniki imkanlar tələb edir. Enerjinin saxlanılması, ötürülməsi və istehlakın idarə edilməsi məsələləri də xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan Azərbaycanda 250 meqavat gücündə və 500 meqavat-saat tutumunda batareya enerji saxlanc sistemlərinin yaradılması istiqamətində işlər də aparılır.
Bərpa olunan enerji mənbələrinin genişlənməsi gələcəkdə təbii qazdan elektrik istehsalı üçün istifadəni azaltmaq, yanacağa qənaət etmək və enerji ixracı imkanlarını artırmaq baxımından əhəmiyyətlidir.
İstehlakçını nə gözləyir?
Əslində, yeni komissiyanın fəaliyyətinin nəticələri yalnız energetika müəssisələri üçün deyil, milyonlarla elektrik enerjisi istehlakçısı üçün də əhəmiyyətlidir.
Araşdırma nəticəsində şəbəkələrdəki problemlərin aradan qaldırılması, elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi, maliyyə xərclərinin optimallaşdırılması və enerji istehsalının daha səmərəli təşkili istiqamətində təkliflər hazırlanmalıdır. İstehlakçı üçün əsas gözlənti elektrik enerjisinin fasiləsiz verilməsi, gərginlik problemlərinin azalması, xidmət keyfiyyətinin yüksəlməsi və tariflərin iqtisadi baxımdan əsaslandırılmış olmasıdır.
Komissiyanın iki ay ərzində hazırlayacağı təkliflərin hansı qərarlarla nəticələnəcəyi hələ məlum deyil. Ancaq sərəncamın əhatə dairəsi göstərir ki, söhbət yalnız ayrı-ayrı elektrik stansiyalarının yoxlanılmasından getmir. Azərbaycanda elektroenergetika sisteminin istehsaldan idarəetməyədək bütün əsas istiqamətlərinin yenidən qiymətləndirilməsi nəzərdə tutulur.
Bu baxımdan qarşıdakı dövrdə əsas sual elektrik enerjisinin nə qədər istehsal olunması deyil, onun hansı xərclərlə istehsal edilməsi, nə qədər itki ilə istehlakçıya çatdırılması və sistemin nə dərəcədə səmərəli idarə olunması olacaq.
Samir Abdulla