Uzun müddətdir gözlənilən “Grand Theft Auto 6” (GTA 6) videooyunu satışa çıxmasının ilk 24 saatında 3,79 milyard dollar gəlir əldə edərək mütləq rekorda imza atıb.

“Rockstar Games” şirkətinin məşhur oyun seriyasının yeni hissəsi əyləncə sənayesi tarixində ən uğurlu təqdimat olub. O, təkcə əvvəlki videooyunları deyil, ən böyük kino layihələrini də geridə qoyub.

“Rockstar Games”in ana şirkəti “Take-Two Interactive”in məlumatına görə, GTA 6-nın dünya üzrə pərakəndə satış gəliri ilk günün sonunda 3,79 milyard dollara çatıb. Oyun rəsmi satışa çıxmazdan əvvəl də ilkin sifarişlər üzrə rekord müəyyənləşdirib. Belə ki, əvvəlcədən 32,5 milyon nüsxə satılıb.

Müqayisə üçün qeyd edək ki, seriyanın əvvəlki hissəsi – 2013-cü ildə satışa çıxan “Grand Theft Auto V” ilk üç gündə 1 milyard dollar gəlir əldə etmişdi. Həmin oyunun dünya üzrə ümumi satışları indiyədək 230 milyon nüsxəni ötüb.

Yeni rekordun miqyası kino sənayesi ilə müqayisədə də diqqət çəkir. Belə ki, ilin ən çox gəlir gətirən filmi hesab edilən “Spider-Man: Brand New Day” dünya prokatında nümayiş olunduğu bütün müddət ərzində təxminən 2,5 milyard dollar qazanıb. GTA 6 isə bu məbləği bir sutkadan da az müddətdə geridə qoyub.

Oyunun təqdimatı rəqəmsal infrastruktura böyük yük yaradıb

Oyunun satışa çıxması rəqəmsal infrastruktura görünməmiş həcmdə yük salıb.

“Cloudflare” şirkətinin məlumatına görə, Böyük Britaniyada GTA 6-nın PlayStation 5 konsolu üçün yüklənmə həcmi pik saatlarda adi göstəricidən 8,6 dəfə çox olub. Avstraliyada isə “Rockstar Games”in onlayn xidmətlərinə düşən internet trafiki 11,2 dəfə artıb.

Həcmi 212 GB olan oyunun quraşdırılması Böyük Britaniyanın “Virgin Media O2” operatorunun şəbəkəsində də axşam saatlarında rekord yüklənməyə səbəb olub.

Analitiklərin hesablamalarına görə, GTA 6-nın hazırlanmasına 1 milyard dollardan çox vəsait xərclənib. Bu isə oyunu tarixdə ən bahalı əyləncə layihələrindən birinə çevirir.

GTA 6-nın süjeti və qəhrəmanları

Yeni oyunun hadisələri Floridadan ilhamlanaraq yaradılmış uydurma Leonida ştatında cərəyan edir. Əsas qəhrəmanlar Lusiya Kaminos və Ceyson Düvaldır. Onlar kriminal macəraların və genişmiqyaslı sui-qəsdin iştirakçılarına çevrilirlər.

Oyunun süjetinin mərkəzində qəhrəmanların münasibətləri, həyatlarını dəyişmək cəhdləri və cinayət dünyasında sağ qalmaq uğrunda mübarizələri dayanır.

İlkin satışların təxminən dörddə üçü PlayStation 5 platformasının payına düşüb. Qalan nüsxələr isə Xbox konsolu üçün alınıb. Oyunun kompüter versiyasının nə vaxt təqdim ediləcəyi hələ açıqlanmayıb.

Şirkət gələcək çoxnəfərlik oyun rejimi ilə bağlı təfərrüatları da açıqlamayıb. Analitiklər hesab edirlər ki, bu rejim şirkətə əlavə milyardlarla dollar gəlir gətirə bilər.

GTA 6 19 noyabr 2026-cı ildə, seriyanın əvvəlki əsas hissəsindən 13 il sonra satışa çıxıb. Oyunun təqdimatı artıq əyləncə sənayesi tarixində ən böyük kommersiya debütü kimi qiymətləndirilir.

N.Talıblı