Bu gün Bakının mərkəzində yerləşən Xaqani bağı şəhərin ən tanınmış istirahət məkanlarından biridir.

Lakin çox az adam bilir ki, bu ərazinin təxminən 150 il əvvəlki görünüşü indiki mənzərədən tamamilə fərqli olub. Burada nə park, nə dəbdəbəli binalar vardı. Ərazidə şəhərdən kənarda yerləşən kiçik bir molokan yaşayış məntəqəsi mövcud idi. Bakı sakinlərinin bu gün də “Molokanka” adlandırdığı Xaqani bağının tarixində köç, şəhərin böyüməsi, itkin düşən heykəllər və hətta 1990-cı illərin qeyri-rəsmi valyuta bazarı ilə bağlı maraqlı məqamlar var.

Xaqani bağının yerində vaxtilə molokan qəsəbəsi olub

Təxminən bir əsr yarım əvvəl indiki Xaqani bağının yerləşdiyi ərazidə Molokan slobodkası adlanan kiçik yaşayış məntəqəsi vardı. Burada yalnız molokanlar yaşayırdı. Onlar quberniyanın digər molokan kəndlərindən köçərək bu ərazidə məskunlaşmışdılar. Həmin dövrdə bu yaşayış məntəqəsi Bakı şəhərindən xeyli kənarda hesab olunurdu. Lakin şəhər qala divarlarının hüdudlarını aşaraq genişlənməyə başlayanda Molokan slobodkası da yeni tikililərin arasında qaldı.

Bakının sürətlə böyüməsi və həmin ərazidə yeni, dəbdəbəli məhəllələrin salınması nəticəsində köhnə yaşayış məntəqəsi söküldü. Molokanlara isə şəhərin başqa bir kənar ərazisində yaşamaq üçün yer ayrıldı.

Bağ əvvəlcə Mariinski parkı adlanıb

XIX əsrin 70-ci illərinin əvvəllərində həmin ərazidə təxminən bir hektar sahəsi olan bağ salındı. Bakı sakinləri onu Molokan bağı adlandırmağa başladılar. Bununla belə, bağın rəsmi adı Mariinski parkı idi. Sovet hakimiyyəti qurulduqdan sonra bağın adı bir neçə dəfə dəyişdirildi. Əvvəlcə Haşım Əliyevin adı verildi, daha sonra 9 Yanvar bağı adlandırıldı. Hazırda isə Xaqani bağının adını daşıyır. Amma rəsmi adlar dəyişsə də, bakılıların yaddaşında bu məkan elə “Molokanka” kimi qalıb. Şəhər sakinlərinin bir çoxu üçün bu ad bağın tarixi ilə bağlı xüsusi bir yaddaş nişanıdır.

1990-cı illərdə burada qeyri-rəsmi valyuta bazarı fəaliyyət göstərib

Xaqani bağının tarixində müstəqilliyin ilk illəri də özünəməxsus yer tutur.

1990-cı illərdə Azərbaycanda valyuta dəyişmə məntəqələri geniş yayılmadığından bağ bir müddət qeyri-rəsmi valyuta bazarına çevrilmişdi. İnsanlar dünyanın müxtəlif ölkələrinin pul vahidlərini burada alıb-satırdılar. Həmin dövrdə “Molokanka” təkcə istirahət yeri deyil, həm də pul dəyişmək istəyənlərin üz tutduğu məkanlardan biri idi. Sonradan müstəqil Azərbaycanda bank sisteminin inkişafı və valyuta mübadiləsi məntəqələrinin yaranması ilə bu ehtiyac aradan qalxdı. Bağ yenidən ailələrin, şəhər sakinlərinin və qonaqların istirahət etdiyi məkana çevrildi.

“Üç gözəl” heykəlləri niyə yoxa çıxmışdı?

Xaqani bağının ən tanınan elementlərindən biri dalğavari formalı hovuz və onun mərkəzində yerləşən “Üç gözəl” heykəl kompozisiyasıdır.

Üç qadın fiqurundan ibarət kompozisiyanın postamenti təbii daşların iri parçalarından yaradılıb. Heykəllər 60-cı illərin sonlarında Bakının o vaxtkı rəhbəri Əliş Ləmbəranskinin təşəbbüsü ilə bağda quraşdırılıb. Kompozisiyanın rəmzi mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə, fiqurlar Günəş, hava və su ünsürlərini, digər versiyaya görə isə iman, ümid və sevgini simvolizə edir.

Lakin 1990-cı illərin əvvəllərində şəhər sakinləri gözlənilməz hadisə ilə qarşılaşdılar: “Üç gözəl” heykəlləri hovuzdan yoxa çıxdı. Heykəllərin hara aparıldığı və orijinalların aqibətinin necə olduğu barədə rəsmi izahat verilmədi. Onların ilkin nümunələrinin taleyi bu gün də məlum deyil.

Bir neçə il sonra isə hovuz və heykəl kompozisiyası bərpa edildi. Hazırda bağda gördüyümüz fiqurların 1960-cı illərdə hazırlanmış orijinal heykəllər deyil, onların ilkin görünüşünə uyğun yaradılmış surətləridir.

Beləliklə, “Molokanka” adlandırılan bu kiçik bağın tarixində Bakının şəhərsalma keçmişi ilə yanaşı, sovet dövrünün izləri, müstəqilliyin ilk illərinin qeyri-adi mənzərələri və bu gün də cavabı tam bəlli olmayan bir heykəl əhvalatı yaşayır.

Bu gün Xaqani bağına gələnlərin çoxu üçün bura sadəcə şəhərin mərkəzindəki yaşıllıq və istirahət yeridir. Halbuki hər addımında Bakının dəyişən simasının, müxtəlif dövrlərin və nəsillərin xatirəsi gizlənir.

Orxan Əlizadə