Bakıda yəhudilərin konfransı keçirilib 

Bakıda yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilən “Tolerant Azərbaycan” konfransı keçirilir.

Tədbirdə dini konfessiyalar və ictimaiyyət nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Fond sadəcə İslam, müsəlman icmalarının deyil, ölkədə fəaliyyət göstərən qeyri-İslam dini icmalarının mənəvi dəyərlərinin tanıdılması istiqamətində fəaliyyət göstərir: “Ölkəmizdə yaşayan dini icmalar da Azərbaycan dövlətçiliyinin qorunmasına yaxından iştirak edirlər. Azərbaycan da bütün dini icmaları, onların mənəvi dəyərlərinin inkişafını dəstəkləyir”.

Dağ Yəhudiləri dini icmasının sədri Melix Yevdayev isə bildirib ki, yəhudilər Azərbaycanda həmişə sülh, tolerantlıq şəraitində yaşayıblar: “Burada yaşayan yəhudilər bütün dünyaya yayılsa da, heç vaxt Azərbaycanla əlaqələri kəsməyiblər. Biz həmişə qardaş kimi yaşamışıq və bundan sonra da bu cür yaşayacağıq”. Melix Yevdayev bildirib ki, sentyabrın 28-də Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq karate yarışları keçiriləcək: “Albert Aqarunovun küçəsinin başlanğıcında ona həsr olunan heykəl qoyulub. Düşünürəm ki, o heykəlin adının daşıyıcısı Albert Aqarunov olsa da, bu, bütün şəhidlərimizə və Milli Qəhrəmanlarımıza həsr olunub. Biz Azərbaycanın xoş gününə daima sevinib, pis günlərində birgə olmuşuq”.

Tədbirdə dağ yəhudilərinin fəaliyyətinə həsr olunan film nümayiş olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə qeyd edib ki, Azərbaycan dövlətinin uğurlarında onun tərkib hissəsi olan yəhudilərin də böyük xidmətləri var: “Biz yəhudilərlə bu torpağın təkcə havasını, suyunu deyil, həm də taleyini paylaşmışıq. Bu, minilliklərdir davam edir, əbədiyyətə qədər belə olacağına inanıram”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Azərbaycanda yaşayan bütün xalqların ölkənin gücü və sərvəti olduğunu deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, yəhudilərin Cənubi Qafqaza gəlməsi təxminən 2300 il əvvələ aid edilir: “Yəhudilərlə azərbaycanlılar daima xoş və pis günlərdə bir yerdə olublar. Tarixin müxtəlif mərhələlərində yəhudilər Azərbaycan dövlətində də, cəmiyyətində də təmsil olunublar. Azərbaycan yəhudi məktəbinin, mədəniyyət mərkəzinin açılması, dini ibadətgahların, sinaqoqların təmir olunması, yenilərinin tikilməsi və dinin təbliğinin sərbəst olması Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas təməllərindən biridir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jak Şirak 86 yaşında vəfat edib

Sonrakı məqalə

Köhnə Azərbaycan filmləri nə üçün hələ də sevilir? –