Bakıya qəza eniş edən təyyarənin sərnişinləri digər təyyarə ilə yola düşəcək

“Qantas Airways” aviaşirkətinin Bakı hava limanında qəza eniş edən Sinqapur-London reysinin sərnişinləri təyinat məntəqəsinə digər təyyarə ilə yola düşəcəklər.

Heydər Əliyev Beynəlxalq Aeroportundan  bildirilib ki, digər təyyarə gələnədək reysin sərnişinləri oteldə yerləşdiriləcək.

Xatırladaq ki, bu gün səhər saatlarında aviaşirkətin iki göyərtəli “Airbus A380” sərnişin təyyarəsi yük bölməsindəki tüstü sensorunun işə düşməsi səbəbindən Bakı aeroportuna qəza eniş edib.

Qeyd edək ki, “A380” hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.

Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

Xatırladaq ki, bu, “A380” təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.

Əvvəlki məqalə

“Biz Putinlə danışmalı, əlaqə saxlamalıyıq”

Sonrakı məqalə

Lavrov və Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsini müzakirə edib