Baş dövlət baytarlıq müfəttişi:"Karantin müddətində ev pişiklərinin küçəyə sərbəst buraxılmaması tövsiyə olunur"

“Son dövrlərdə yayılmış koronavirus infeksiyalarından SARS-CoV-1 və MERS-CoV epidemiyalarının heyvan mənşəli viruslar vasitəsilə törədildiyi tamlıqla sübut olunub”. 

APA-nın məlumatına görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin “COVİD-19 virusunun yayılmasında heyvanların və ətraf mühitin rolu” adlı elmi məqaləsində qeyd edilib. Bildirilib ki, hazırkı COVİD-19 infeksiyasının heyvan mənşəli viruslar tərəfindən törədilməsinə dair ciddi şübhələr olsa da, hələlik, bu şübhələr öz elmi təsdiqini tapmayıb: “İnfeksiya xəstəlik törədicisi olan virusun insandan insana keçməsi yolu ilə pandemiya həddinə çatıb. Pandemiyanın gedişi dövründə ev şəraitində saxlanan pişikdə və itdə, həmçinin zooparkda saxlanan pələngdə və şirdə COVİD-19 virusu aşkar edilib ki, bu da insanlarda olan infeksiyanın heyvanlara keçməsi ehtimalını meydana çıxarır”.

Məqalədə deyilib ki, 2018-ci ildə aparılmış tədqiqatlarda Yuhan əyalətinin əhalisində Bat-CoV virusuna görə 2,9 % seroprevalentlik səviyyəsi aşkar edilib: “Bu isə Çənubi Asiyada milyonlarla insanın potensial risk qrupuna aid olması ehtimalını doğurur. Çinin Yuhan əyalətində  izolə edilən koronavirus ştammı genomunun 96.2%-i Rinolophus affinis yarasalarına aid olub. Bu genom SARS və MERS viruslarının genomları ilə homoloji struktura malikdir. Alimlərin qənaətinə görə, Çində başlayan epidemiyanın ilk ocağında virusun yayılmasına yarasalar səbəb olub. Ehtimal olunur ki, virusun yarasalardan insanlara keçməsində gəmiricilər və pişiklər aralıq sahib rolunu oynaya bilər. Ancaq faktik halda – Çinin Uhan şəhərindəki vəhşi heyvanlar, onların məhsulları, habelə balıq və dəniz məhsulları satılan bazardan yayılmış epidemiyada panqolin adlı heyvanın rolunun olmasına daha çox şübhə var”.

Məqalədə bildirilib ki, COVİD-19 pandemiyasında  zoonoz infeksiyaların yayılmasının başqa xüsusiyyəti meydana çıxıb: “İndiki halda infeksiyanın törədicisi məhsul vasitəsilə heyvandan insana keçdiyi kimi, insandan da əhatədə olan həssas heyvanların yoluxması baş verib. Belə ki, Honq Konqda yoluxan it və pişiklər xəstəliyə yoluxmuş insana məxsus olub, ABŞ-da isə zoopark heyvanları (pələng və şir) COVİD-19  testində müsbət nəticə göstərmiş xidmətçi ilə təmas ediblər. Epidemiyanın bu cür gedişi onunla mübarizədə “vahid sağlamlıq” konsepsiyasının tətbiq edilməsi zərurətini yaradır. Bu konsepsiya insan, heyvan, bitki və ətraf mühit əlaqəsini kompleks şəkildə əhatə etməklə xəstəliklərin qarşısının alınmasını özündə ehtiva edir ki, burada xəstəlik törədicilərinin ətraf mühitdə və vəhşi təbiətdə dövr etməsi, onun  heyvandan insana və ya əksinə keçməsi amili əsas rol oynayır. Pişiklərdə koronavirus infeksiyasının tədqiqi göstərib ki, pişiklər xəstəliyə yoluxa və xəstəliyi öz növünə aid başqa heyvanlara ötürə bilir. Koronaviruslar pişiklərdə  epizootik kataral enterit və sistem sindromu xəstəliklərini törədir. İnsanların pişikdən yoluxma ehtimalı çox aşağıdır, çünki pişiklərdə qısa müddətdə antitellər əmələ gəlir və onlar yoluxdurucu statusundan çıxırlar. Bunula belə, pişiklər də risk qrupuna daxildir və məsləhət görülür ki, karantin müddətində onlar da küçəyə sərbəst buraxılmasın”.

Məqalədə qeyd edilib ki, coronaviridae ailəsinə aid viruslar itlərdə koronaviruslu bağırsaq infeksiyası xəstəliyini törədir: “İtlərdə koronavirusun yoluxması və inkişafı, habelə digər itləri yoluxdurması pişiklərə nisbətən zəif gedir. Tədqiqatçılar məsləhət bilirlər ki, xəstəlik mövcud olduğu hallarda sağlam itləri gəzintiyə və məşqlərə çıxarmaq olar.  Nəzərə almaq lazımdır ki, xəstəliyin simptomları müşahidə olunmasa da, nəfəs və təbii ifrazat vasitəsilə viruslar yayıla bilir. Donuzlar da itlərdə olduğu kimi başqa növ heyvanların xəstəliyə yoluxdurulmasında və onun yayılmasında daha az rola malikdir. Sözügedən virus donuzlarda infeksion qastroenterit, epidemik diareya və ensefalomielit xəstəliklərini törədir. Coronaviridae ailəsinin virusları quşlarda infeksion bronxit xəstəliyini törədir. Xəstəlik ciddi iqtisadi ziyana səbəb olur və infeksiyanın profilaktik tədbiri kimi peyvəndləmə tətbiq edilir. Onun insanlara keçməsi halına rast gəlinməyib. Ancaq eksperimental olaraq Macaca-rhesus meymunlarını və yarasaları xəstəliyə yoluxdurmaq mümkün olub”.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, Çinin baytarlıq departamenti 2019-cu ilin sonlarında donuz, quş, it və digər ev heyvanlarından nümunələr götürərək koronaviruslara görə analiz edib və bütün hallarda neqativ nəticələr alınıb. Bu dövrdə planlı-profilaktik tədbir kimi koronavirus mənşəli heyvan xəstəliklərinin monitorinqi aparılıb, nəticədə isə xəstəlik halları aşkarlanmayıb.

Həmçinin deyilib ki, infeksiya yaymaq baxımından sağlam heyvandan alınmış və dəqiq kulinar emaldan keçmiş ət, bütün hallarda olduğu kimi, qidalanma üçün zərərsizdir: “Ancaq xəstə və ya naməlum səbəbdən ölmüş vəhşi və ev heyvanlarının ətinin daşınması, doğranması, hissələrə bölünməsi, bişirilməsi və qida kimi qəbulu tövsiyə edilmir. Vəhşi heyvanların ətinin çiy və ya zəif bişirilmiş formada qəbulu təhlükəlidir. Bu heyvanların əti və ya tərkibində onların qanı olan qidaların etibarlı kulinar emaldan (bişirilmədən) keçmədən qəbulu insanların infeksion xəstəliklərə yoluxmasına səbəb ola bilər. Qeyri-tipik xəstəlik halları və heyvan tələfatı barədə dərhal baytarlıq təşkilatlarına məlumat vermək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniyanın aparıcı epidemioloqu koronavirus probleminin radikal həllini təklif edir

Sonrakı məqalə

İranda koronavirusdan ölənlərin sayı 4 700-ü ötdü