“Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası” təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, eyni zamanda beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulub ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edir.
Bu, “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə” Qaydasında öz əksini tapıb.
Bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılır.
Növbəti il üçün Agentliyin əldə edəcəyi vəsait üzrə gəlir və xərclər smetası hər il dekabr ayının 20-dən gec olmayaraq Agentliyin İcraçı direktoru tərəfindən təsdiq edilir. Vəsaitin bu Qaydanın 3.3-cü və 3.4-cü bəndlərinə uyğun olaraq istifadəsinə nəzarəti Agentlik həyata keçirir.