Baş nazir kərə yağı, quş əti və yumurta ilə bağlı qərar verdi –

Rusumun vaxtı uzadıldı
04 Dekabr 2019 - 20:57

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Azpost.info bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, 463 nömrəli Qərarının birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir.

Beləki, Qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma), meyvətərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır.

Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır.