Azərbaycan Milli Məclisinin sabiq deputatı Mətləb Mütəllimli vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib. Xəstəlikdən əziyyət çəkən M.Mütəllimli aprelin 7-də dünyasını dəyişib. Sabah o, Binəqədidə dəfn olunacaq.
Mərhumun 3-7 mərasimi cümə axşamı Heydər məscidində keçiriləcək.
20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar kəndində anadan olan M.Mütəllimli baş prokurorun birinci müavini vəzifəsində çalışıb.
O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışıb.
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olub.
Mətləb Mütəllimli 1990-cı il parlament seçkilərində 119 nömrəli Sumqayıt-Tələbə şəhər seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilib.
1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 40 nömrəli Sumqayıt III dairəsindən bitərəf namizədi olan Mətləb Mütəllimov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Mətləb Mütəllimov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan—İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
M.Mütəllimli istiqlalçı millət vəkillərindəndir. 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis edən eks-deputat 22 iyun 2023-cü ilədək, təşkilat ləğv edilənənə qədər SƏP-ə sədrlik edib. Ailəli idi, 3 övladı var.
Allah rəhmət eləsin!
