Bir gündə 784 reys.
Türkiyənin ən böyük şəhəri İstanbulun ikinci ən işlək hava limanı olan Sabiha Gökçen beynəlxalq hava limanı növbəti rekorda imza atıb. AzPost xəbər verir ki, iyunun 1-də burada bir gün ərzində həyata keçirilən uçuş sayı indiyə qədərki ən yüksək göstəriciyə çatıb.
Rəsmi məlumata görə, həmin gün Sabiha Gökçen hava limanında ümumilikdə 784 uçuş yerinə yetirilib. Bu göstərici təkcə hava limanı üçün deyil, bütövlükdə Türkiyə aviasiya tarixi üçün önəmli hadisə hesab olunur.
Aeroport rəhbərliyi bildirib ki, bu rekord ölkənin beynəlxalq hava daşımalarında artan nüfuzunun və İstanbulun qlobal hava nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndiyini göstərir.
Hazırda Sabiha Gökçen hava limanı Türkiyədə İstanbul Hava Limanı və Antalya Hava Limanından sonra üçüncü ən işlək hava limanı hesab olunur. İki uçuş-enmə zolağına malik liman saatda 80-ə yaxın reys qəbul və göndərmək imkanına sahibdir.
Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə bu hava limanının sərnişin və yük dövriyyəsi daha da artacaq. Çünki həm daxili, həm də beynəlxalq istiqamətlər üzrə uçuşlara tələbat sürətlə yüksəlir.
Qeyd edək ki, Sabiha Gökçen adını Türkiyənin ilk qadın pilotu və dünyada ilk qadın hərbi təyyarəçisi olmuş Sabiha Gökçendən alıb.