Birinci vitse-prezidentin köməkçisi:

“Koronavirus insanların davranışına təsir edir”
13 Mart 2020 - 10:54

Azərbaycanın ümumi iqtisadiyyatında qeyri-neft sektorunun ümumi çəkisi 60 faiz olsa da, ixracda neftdən müəyyən asılılığımız var. Ona görə də bu, istər-istəməz iqtisadi agentlərin ölkədəki davranışına təsir edir.

Bunu Birinci vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov AzTV-nin “Hədəf” verilişində deyib.

Onun sözlərinə görə, istehlakçıların davranışına həmişə faktlar və gözləntilər təsir edir:

“Bir fakt odur ki, koronavirus epidemiyasının yayılması insanların davranışına təsir edir. İkinci fakt isə odur ki, neftin qiyməti təqribən 20 dollar enib, bu da bank xidmətlərindən istifadə edən insanlarda müəyyən gözləntilər formalaşdırıb. Amma qeyd etmək lazımdır ki, Azərbaycanin büdcə, makroiqtisadi konstruksiyası bəzi ölkələrdən, məsələn, qonşu Rusiyadan fərqlənir. Azərbaycan iqtisadiyyatı elə qurulub ki, bir növ müəyyən buferlər vasitəsilə neftin qiymətinin dəyişməsinin təsirinin qarşısı alınır. Neftin qiymətinin dəyişməsinin büdcəyə demək olar ki, çox cüzi və ya dolayı təsirləri ola bilər”.

Xarici valyuta bazarındakı bank xidmətləri istifadəçilərinin gözləntilərinə gəldikdə, X.Əhədov bildirib ki, 2014-2016-cı ildə neftin qiyməti kəskin düşdüyünə görə bu prosesin bank sektoruna müəyyən təsiri olmuşdu.

Birinci vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçisi əlavə edib ki, o zamandan sonra bank sektoru çox güclü hazırlıq keçib, əksər bankların kapitalları artıq güclüdür.

Onun bildirdiyinə görə, banklar fiziki şəxslərə xarici valyutada kredit ayırmır. Bu da bankların dayanıqlığı üçün çox önəmli faktordur: “Amma narahat insanlar var. Bu günlərdə böyük müştəri müraciətləri olduğuna görə bankların hamısı avral rejimdə işləyir. Nəzərə almaq lazımdır ki, koronavirusa qarşı müəyyən təhlükəsizlik tədbirləri görülməlidir. Amma banklar bayram günlərində də çalışacaq və bazarda olan tələbat tamamilə qarşılanacaq. Bundan sonra biz banklarda, qısa müddət ərzində növbələrin olmamasının şahidi olacağıq”.