“Bizim Cəbiş müəllim”in “Namiq”i:“"Babək"ə baxmamışam, rolu kim oynayıb?” (MÜSAHİBƏ)

Görkəmli kinorejissor Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli Open.az-a müsahibə verib.

Azpost.info müsahibəni qısa ixtisarla oxucularına təqdim edir:

– Ziya müəllim, xoş gördük. Sağ olun ki, dəvətimi qəbul etdiniz. 2020-ci ildə atanız, Azərbaycan kinosunun görkəmli nümayəndəsi Həsən Seyidbəylinin 100 illik yubileyi gəlir. Bu il isə “İmadəddin Nəsimi ili” kimi yadda qalacaq. İstəyirəm sizinlə “Nəsimi” filminin ekranlaşdırıldığı illərə qayıdaq. Hər halda müəyyən xatirələriniz var…

– Dəvətiniz üçün mən də öz növbəmdə sizə təşəkkür edirəm. Doğru buyurdunuz, gələn il atamın anadan olmasının 100 ili tamam olacaq. Bu il isə “Nəsimi ili” dir. Hər dəfə bu filmlə bağlı söhbət düşəndə, “Nəsimi”dən kadrlar nümayiş olunanda atamın əziyyətli günləri yadıma düşür. Təbii ki, mən çəkiliş prosesində iştirak etmədiyimə görə çox şey danışa bilmərəm. Amma az-çox nələr yadımda qalıbsa, onları sizinlə bölüşərəm.

“Nəsimi” filminin ssenarisini bildiyiniz kimi İsa Hüseynov yazıb.Məncə atam da ona kömək edib. Hətta aralarında müəyyən yaradıcı mübahisələr də olurdu. İsa Hüseynov yazıçı, atam isə rejissor kimi. Amma sonda ortaq qərara gəlirdilər. İsa Hüseynov özü də çəkilişlərə tez-tez gəlirdi.

Eşitmişəm ki, çəkilişlərə gəlib, prosesləri diqqətlə izləyərmiş…

– Bəli. “Nəsimi” filmi ilə bağlı atamın heç yerdə yayımlanmayan, həmin çəkilişlərdən kadrarxası məqamları əks etdirən, şəxsi arxivində bu günədək qorunub saxlanan fotoları var. Həmin fotoları sizə təqdim edərəm.

– Mənə çox xoş olar.

-Filmin operatoru Rasim İsmayılov, rəssamı Məmməd Hüseynov idi. Atam baş rola Rasim Balayevi çəkmək istəyəndə yarım il onunla məşq edib. Bilirsiniz ki, Nəsimi Rasim Balayevin kinoda ilk roludur. Mənim bildiyimə görə Rasim Balayevin bu rola çəkilməsini yuxarı dairələrdə çoxları istəmirdi. Müxtəlif namizədlər var idi. Hətta Nəsimi rolunda çəkilmək üçün Müslüm Maqomayevin də adı hallanırdı. Amma atam təkidlə Rasim Balayevin üzərində dayandı. Ona çox inanırdı. Zaman göstərdi ki, atamın inamı boşa çıxmadı. Mənim fikrimcə Nəsimi obrazı Rasim Balayevin şah əsəridir.

– Rasim müəllim özü də hər zaman bunu etiraf edir.

– Kinematoqrafiya İttifaqı indiki Hökumət Evində olduğuna görə məşqlər də orada aparılırdı. Orada hər gün məşq edirdilər. Ona görə də filmin çəkilişləri başlananda faktiki hamısı tam hazır vəziyyətdəydi. Rasim Balayev və Xalidə Quliyeva gənc aktyorlardı. Muxtar Maniyev professional aktyor idi. Teymurləng obrazını ifa edən Yusif Vəliyevin məşqə ehtiyacları yox idi. Natura çəkilişləri Suriyada, Bakıda, Naxçıvanda olub.O zaman rəngli Kodak çətin tapılırdı. Atam Moskvadan tapıb, gətirtmişdi. Və həmin rəngli Kodakla üç nəfər – atam, filmin operatoru Rasim İsmayılov və rəssam Məmməd HüseynovSuriyaya getdilər. Sonra filmin çox çətin çəkilişləri Naxçıvanda olub. “Nəsimi”nin döyüş səhnələri Naxçıvanda çəkilirdi.

Yay ayları, isti, toz. Atam da diabetdən əziyyət çəkirdi. Bütün günü tərin içində olurdu. Oradan evə çox yorğun gəlirdi.

“Nəsimi” filimini çəkilişləri başa çatanda Bakıda Sovetlər İttifaqının Kino Festivalı keçirilirdi. Həmin Festivalda birinci yeri “Karina krasnaya” filmi ilə Vasili Şukşin qazandı. Atam isə “Nəsimi” filmi ilə Festivalın “Ən yaxşı tarixi film” nominasiyasında qalib oldu. Sonra filmi Moskvada rus dilinə tərcümə etdilər.

– “Nəsimi” filminin rus dilində dublyajınabaxmışam. Maraqlı alınıb. Vyaçeslav Tixonov Nəsimi obrazını çox gözəl səsləndirib. Tixonovun səsi və görünüşü Rasim Balayevə çox yaxındır. Yaraşıqlı və kübar.

– Nə yaxşı ki, bu siz bu faktları bilirsiniz. Sizə deyim ki, Nəsimi obrazını səsləndirmək üçün 3 nəfərin namizədliyi olub. Yefim Kopelyan, Vyaçeslav Tixonov və İnnokenti Smoktunovski.

– Yefim Kopelyanı bilmirdim. İ.Smoktunovskini eşitmişdim. Yaxşı ki, V.Tixonov dublyaj edib.

– Smoktunovskinin “Malenkiy tragediya Puşkina” var. Ona qulaq asın. “Hamlet”i yəqin ki, yadınızdadır.

– Ziya müəllim, o zaman “Nəsimi” filmi Dahi şairin yubileyi ərəfəsində çəkilib. Bu il də Nəsiminin 650 illik yubileyidir. Və bu dəfəİ.Nəsiminin yubieyi YUNESKO xətti ilə dünyada keçirilir. Bu il həm də “Nəsimi ili”dir. Azərbaycan kinosunun Nəsimisi Rasim Balayevdir. Amma bu filmi yaradan, ərsəyə gətirən, əziyyətini çəkən rəhmətlik Həsən Seyidbəyli olub. Bu il ərzində sizə, bacınız Məryəm xanıma zəng edən, nəsə soruşan, hansısa bir istəyinizlə maraqlanan olub? Həm də qarşıdan Həsən Seyidbəylinin yubileyi də yaxınlaşır…

– Yox, “Nəsimi ili”ndə Həsən Seyidbəylinin ailəsi, ailə arxivi ilə maraqlanan, nəsə soruşan olmayıb. Sizinlə söhbətimiz bu il çərçivəsində və bu film barəsində ilkdir. Amma atamın yubiley ili 2020-ci ildə olacaq. İnşallah, sağlıq olsa gələn il yəqin ki, hansısa tədbirlər baş tutacaq.

– Ziya müəllim “Nəsimi” filmində Teymurlənglə bağlı səhnələr var. Filmin iştirakçılarından eşitdiyimə görə, orada bir çox səhnələr filmə salınmayıb. Həsən müəllim : “Mən, Nəsimi haqqında film çəkirəm. Teymurləng haqqında yox” deyib.

– Ola bilər. Bilirsiniz, Teymurləng obrazını ifa edən Yusif Vəliyev çox qüdrətli aktyor idi. Çox güman ki, onun səhnələri qabardılsa, Nəsimi obraz olaraq, kölgədə qala bilərdi. Film isə həqiqətən Nəsimi haqqında çəkilirdi. O baxımdan əsas göz önündə olan obraz da Nəsimi olmalıydı.

Sizə deyim ki, atam Yusif Vəliyevi aktyor kimi çox bəyənirdi. Hətta sonradan “Sən niyə susursan?” filmində də Yusif Vəliyevi çəkmişdi.

– Ədil İsgəndərov da Teymurləng obrazı üçün sınaq çəkilişlərində iştirak edib. Amma o, da Yusif Vəliyevi çox bəyənib. Onun Teymurləngə daha çox yaraşdığını və uyğun gəldiyini deyib.

– Mən o məsələləri çox bilmirəm. Amma Yusif Vəliyev həqiqətən Teymurləngə uyğun gəlirdi. Çünki Teymurləng sərkərdədir. Hər zaman at belində olur. At belində olan adam kilolu ola bilməz. Yusif Vəliyev hər zaman formada olub. Rəhmətlik Ədil müəllim, kilolu idi. Amma insan kimi yaxşı kişi idi. Ədil müəllimin qızı, həyat yoldaşı ilə birlikdə bir dəfə qayınatamın yanına gəlmişdilər. Mənim qayınatam Musa Bağırov Həzi Aslanov barəsində araşdırmalar aparırdı.Həzi Aslanov onun mövzusu idi. Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını alması da onun araşdırmaları sayəsində meydana çıxdı.

– Yadımdadır. Amma sizin qayınatanız olduğunu bilmirdim.

– Bəli, Musa Bağırov qayınatamdır. Şükür Allaha ki, sağ-salamatdır. Hazırda 90 yaşı var. Musa Bağırov Həzi Aslanovun oğlanları Arif və Tofiq Aslanovlarla yaxın dost olub. Həzi Aslanovun ikinci ulduzu ilə bağlı kitab yazıb, film də çəkib.

– Musa müəllimə, Allah can sağlığı versin. Həsən Seyidbəylinin sevimli aktyorları kim idi? İlk olaraq Muxtar Maniyev yadıma düşdü.

– Çox düzgün fikir vermisiniz. Elədir, Muxtar Maniyev atamla dost idi. Aktyor kimi Yusif Vəliyev, Rasim Balayev, Nəsibə Zeynalova, Münəvvər Kələntərli, Səfurə İbrahimova, Şəfiqə Məmmədova, Xalidə Quliyeva, Fazil Salayevi çox bəyənirdi.

– Fazil Salayevi “Möcüzələr adası” filmində də çəkib.

– Bəli. Doğrudur. Məsələn, bəstəkar kimi ancaq Tofiq Quliyevlə çalışıb. Yeganə “Bizim Cəbiş müəllim” filmində musiqini Emin Sabitoğlu yazıb. O musiqi də əla alınıb. Bu günə qədər də o musiqi dillər əzbəridir. Operatorlardan danışsaq, atam ilk filmlərini Arif Nərimanbəyovla çəkib. Sonra Rasim Ocaqov və Rasim İsmayılov birlikdə çalışıblar. Tofiq Quliyevlə cavanlıqdan dost olublar. 3 dost çox zaman birlikdə olardılar. Atam, Tofiq Quliyev və İmran Qasımov.

Elə adları da çox zaman qoşa çəkilir. Həsən Seyidbəyli, İmran Qasımov.

– Elədir. Bir neçə əsəri birlikdə yazıblar. Ona görə. İmran Qasımov yazıçı idi.

– Ziya müəllim, sizdən bir məsələni də soruşum. Rasim Balayev və bir neçə sənətkarlardan eşitmişəm ki, “Nəsimi”dən sonra “Babək” filmini də Həsən müəllim ekranlaşdırmalıymış. Hətta rol bölgüsü də aparılıb. Bir neçə çəkilişlər olub. Amma sonradan filmi Həsən müəllimdən alıb, Eldar Quliyevə veriblər. Həsən Seyidbəylinin gedişi ilə Tofiq Quliyev də filmi tərk edib.

– “Babək” filmi ilə bağlı evdə bir sənəd var. Onu sizə göndərərəm. Atamın Yevgeni Matveyevə yazdığı məktubdur. Həmin məktubda atam Həmidə Ömərova və Sonaxanım İbrahimovanı (Mikayılova) “Babək” filmində çəkilmək üçün çəkilişlərə dəvət edib. Həmçinin Matveyəvə yetişdirdiyi belə istedadlı tələbələrə görə təşəkkürünü bildirir.

Yəni “Babək” filmi ilə bağlı çox şey danışa bilmərəm, sözün doğrusu bu məsələ ilə bağlı məlumatım demək olar ki, yoxdur. Amma atamın “Nizami” filmini çəkmək arzusu var idi. Bunu bilirəm. 1980-ci illərin əvvəlində “Nizami” filmini çəkmək istəyirdi. Amma alınmadı. Sonra da dünyasını dəyişdi.

– Nizami obrazında hansı aktyoru çəkmək istəyirdi?

– Düzü onu bilmirəm. Yalandan deyə bilmərəm.

– Hər halda “Nizami” filmini Həsən Seyidbəyli ekranlaşdırsaydı, Müslüm Maqomayevi baş rola çəkməzdi…

– Müslüm Maqomayev aktyor deyildi. Çox istedadlı müğənni,vokalçı idi.

Atamın “Nizami” və “Babək” filmini çəkməsi ilə bağlı ətraflı nəsə deyə bilməsəm də “Bir cənub şəhərində” filminin çəkilməsi bağlı bir məsələni deyə bilərəm. Atam, İbrahimbəyov qardaşları ilə yaxın idi. Bir zamanlar onları Kinematoqrafiya İttifaqına da qəbul etmişdi. Rüstəmin yaxşı ssenarisi var idi. “Bir cənub şəhərində” İlk dəfə o əsəri ekranlaşdırmağı R.İbrahimbəyov atama təklif etmişdi. Amma atamfilmin çəkildikdən sonra ekranlara çıxmayacağını hiss etmişdi. Və sonradan da elə oldu.

Amma Eldar Quliyev o filmi çəkdi və uzun müddət yasaq olunsa da, Heydər Əliyevin sayəsində film ekranlara çıxdı.

– Sizə deyim ki, Eldar Quliyev o filmi çox yaxşı çəkdi. Mən deyərdim ki, Eldarın ən yaxşı filmidir.

– Hamı elə deyir. Mən də çox bəyənirəm. Amma mən tamaşaçı kimi “Babək” filmini də çox bəyənirəm.

-“Babək” filminə baxmamışam.

Ziya müəllim, tez-tez nümayiş olunur. Heç vaxt baxmamısız?

– Yox. Baxmamışam. Bir gün oturub baxaram. Babəki kim oynayıb?

– Rasim Balayev…

Təbii ki, Həsən Seyidbəyli ekranlaşdırsaydı, onun filmi tam fərqli olardı…

– Bu mənim şəxsi fikrimdir. Siz mənimlə razı olmaya bilərsiniz. Mən düşünürəm ki, Babək obrazında başqa aktyoru çəkmək lazım idi. Daha sərt, bir az kobud. Rasim Balayevin cizgiləri çox kübardır. Rasim Balayev əsl Nəsimidir. Nəsimi obrazında idealdır.

– Sizin dediyiniz bu fikirləri mən çoxlarından eşitmişəm. Amma hər kəsin öz fikri var. Mən isə düşünürəm ki, Rasim Balayevin Babəki də idealdır, baxımlıdır. Sizin fikrinizcə Babək obrazını kim ifa edə bilərdi?

– Şahmar Ələkbərov, Həsənağa Turabov daha çoxuyğun gələrdi. Təbii ki, bu da mənim düşüncəmdir.

-Bəs atanızın hansı filmini əvvəldən sona qədər izləməmisiniz?

Yox, hamısına baxmışam. Atamın bütün filmlərinə dəfələrlə baxmışam. Nəinki baxmışam. Bir neçəsində çəkilmişəm. Həm baş rol həm də epizod kimi.

Bizim Cəbiş müəllim” filmində ifa etdiyiniz Namiq obrazı hamımızın yadındadır. Həmçinin filmdə bacınız və qardaşınız da çəkilib. Cəbiş müəllimin uşaqları rolunda.

Bəli. O filmdə hamımız çəkilmişik. “Bizim Cəbiş müəllim” haqqında dəfələrlə danışmışam deyə, daha ətraflı danışmıram. Bu il “Bizim Cəbiş müəllim” filminin 50 yaşı tamam oldu. Yarım əsrdir ki, bu film baxılır, sevilir. Məsələn, “Telefonçu qız” filmində kiçik epizoda çəkilmişəm. Dağın başında avtobus dayanır. Mən isə orada dayanmışam və daş atıram. O, filmə çəkiləndə 6 yaşım var idi. Bacım Məryəm “Telefonçu qız” filmində Mehribanın uşaqlığını oynayıb. Sonra “Sən niyə susursan” filmində cavan oğlan gedir. Balıq tutub satırlar. Balıqla gedən həmin o, balaca oğlan mənəm. Kiçik epizodlardır. Amma yadigar qalıb. Ən böyük işim isə sözsüz ki, “Bizim Cəbiş müəllim” filmində ifa etdiyim Namiq obrazı oldu.

-Eşitdiyimə görə, filmdə Nəsibə xanım, Makedon və Əliağa Ağayevlə bağlı bir çox maraqlı kadrlar sonradan filmə salınmayıb. Deyəsən çox uzun və sırf komediya filmi kimi alındığına görə Həsən müəllim həmin kadrları filmdən çıxarmağa məcbur olub.

– İnanın ki, o filmdə əsas obrazlardan birini ifa etsəmdə, bunlardan xəbərim yoxdur. Mənim o zaman 14-15 yaşım var idi. Cavan uşaq idim. Filmdə Cahangir də çəkilib. Cahangirlə yaxınlığımız var. Uşaqlığımız birlikdə keçib.”Bizim Cəbiş müəllim” filmi həyatımızın ən gözəl anılarını birləşdirir. Cahangirlə hər dəfə Bakıya gələndə görüşürük. Bu yaxınlarda da görüşdük. Düzdür, bir az sualınızdan yayındım. Amma filmdən çıxarılan, kəsilib, atılan kadrlarla bağlı ətraflı heç nə deyə bilmərəm. Təkcə onu bilirəm ki, “Bizim Cəbiş müəllim” filmində çəkilən o uşaqların çoxunu atam Pirşağıdan gətirmişdi. Orada bizim bağ qonşularımızın uşaqları idi.Makedon obrazını ifa edən Aqil Ağacanovu da atam bağdan tanıyırdı. Makedon rolunda çəkdi və mən düşünürəm ki, onun obrazı çox uğurlu alınıb.

– “Çəkilin, indi Makedonla Namiq dava edəcək” sözlərini deyən o balacaboy oğlan kim idi?

– (Gülür) O, oğlan deyəsən yuxarı məhəllədə yaşayırdı. Sözün düzü elə də tanımırdım. Onu bir neçə il əvvəl görmüşdüm. Sizə deyim ki, uşaqlıqda necəydisə eləcə də qalıb.

– Ziya müəllim, 50 ildən sonra sizin hamınızı bir araya toplamaq, yenidən görmək çox maraqlı olardı…

– Maraqlı olardı. Amma o görüşü təşkil edən adam lazımdır. Gərək televiziya ilə elan verilsin və hamı bir araya gəlsin.

– Bir zamanlar belə görüşləri”Kinoklub” da təşkil edərdilər.

– Yadımdadır.

– Ziya müəllim, bilirəm bu sualı sizə çox ünvanlayıblar. Amma mən də soruşmaq istəyirəm. Nə əcəb aktyor olmadınız?

– Mənim aktyorluğa həvəsim yox idi. İxtisasca kibernetikəm. Xalq Təsərrüfatı İnsitutunu bitirmişəm. Ailədə 3 övlad olmuşuq. Üçümüz də filmə çəkildik. Amma heç birimizin incəsənətə marağı olmadı. Bir az bacımın marağı var idi. Amma mənim aktyorluğa heç həvəsim yox idi. Bir-iki filmdə çəkilməyimə baxmayın. Bu sənət çətin, ağır sənətdir. Həm də mən atamın çəkdiyi əziyyətləri görürdüm. Mən səyahət etməyi xoşlayırdım. Yazmaqla aram yox idi. Orta məktəbdə oxuyanda solaxaydım. Məni isə sağ əllə yazmağa məcbur edirdilər. Orta məktəbdə ən çox sevdiyim fənn fizikaydı. Bacım Məryəm AMEA-da çalışır. Alimdir. Kiçik qardaşım Mehdi isə tez rəhmətə getdi. Mənim iki oğlum var. Böyük oğlum Həsən Seyidbəyli atamın adını daşıyır və onun kimi rejissordur. Qısametrajlı filmlər çəkir.Oğlum Həsən rejissorluqdan başqa həm də peşəkar ssenarist və yazıçıdır. Zarafat deyil, oğlum Həsən Seyidbəylinin hər iki babası rejissordur. Atam rejissor, yazıçı-dramaturq, Musa Bağırov isə araşdırmaçı jurnalist, sənədli filmlər çəkən rejissordur.

– Deməli, gələcəyin Həsən Seyidbəylisi yetişir…

– Bəli. Oğluma çox güvənirəm. İstedadlıdır. Təbii ki, indi kino çəkmək çox çətindir. Maliyyə məsələləri də var. Amma buna baxmayaraq gənc Həsənin babası,Həsən Seyidbəylinin yolu ilə getməsi məni fərəhləndirir. Oğlum müharibə mövzusunda bir əsər yazmışdı. Həmin əsərlə müsabiqədə qalib olub, birinci yeri qazandı. 18 yaşında ilk kitabı çap olundu və Azərbaycan Yazıçılar Birliyinə üzv oldu. Son dövrlərdə reklam ssenariləri yazır və çəkir. O, biri oğlum da qardaşı ilə birlikdə çalışır. Oğlanlarım İtaliyada təhsil alıblar. Amma orada yaşaya bilmədilər. Bakıya qayıtdılar. Bakı doğmadır. Adamın doğma Vətəni çox əziz olur.

– Məryəm xanımın neçə övladı var?

– Məryəmin bir qızı var.

Kiçik qardaşınız Mehdi babanızın adını daşıyıb. Həm də Həsən Seyidbəylinin Mehdi Hüseynzadə haqqında əsəri var.

– Elədir. Mehdi babamızın adı olub. Bizim adlarımızın maraqlı tarixçəsi var. Mehdi, Həsən Seyidbəylinin atasının adı idi. Mən isə anamın müharibədə həlak olan qardaşının adını daşıyıram. Təkcə bacımın adının xüsusi səbəbi, mənası yoxdur. Mehdi Hüseynzadəyə həsr olunan əsərə gəldikdə isə, atamgil, ümumiyyətlə bizim ailəmiz Mehdi Hüseynzadənin bacısı ilə çox yaxın olublar.

Bəstəkar Aqşin Əlizadənin anası ilə?

– Bəli. O ailə ilə yaxın münasibətlərimiz var idi.

– Ziya müəllim, evinizə kimlər gəlirdi? Ümumiyyətlə, Həsən müəllimin dostları evə qonaq gəlirdilərmi?

– Təbii ki. Evimiz qonaqlı-qaralı olardı. Atamın yanına çox adamlar gəlirdi. Məmməd Hüseynov, Tofiq Quliyev, Elbəy Rzaquliyev, Elbəyin qayınatası yazıçı Mikayıl Rzaquliyev, Rasim Ocaqov, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, İmran Qasımov, Mikayıl Abdullayev. Sizə deyim ki, Mikayıl Abdullayev atamla süd qardaşı olub. Mikayıl Abdullayev çox intellegent, alicənab adam idi.

– Aktrisalardan kimlər gələrdi?

– Yox, aktrisalardan gələn olmazdı.

-Ananız ilə dostluq, rəfiqəlik edən aktrisa yox idi?

– Yox, elə bir yaxınlıq, dostluq olmayıb. Sizə deyim ki, anamın həkim olmasına, zamanının çox hissəsini xəstəxanada keçirməsinə baxmayaraq, gözəl xörəklər bişirərdi. Bəzən biz də ona kömək edərdik.

– Rəhmətlik ananız “Leçkomissiyada”çalışıb?

– Anam terapevt idi. Dünyasını dəyişən günə qədər “Leçkomissiyada” çalışdı. 8 il əvvəl vəfat edib. Qardaşım Mehdi isə anamdan sonra vəfat etdi. Artıq 6 ildir.

– Ananız da, Bakılı idi?

– Anam əslən Naxçıvanlıydı. Ana nənəm isə ukraynalıydı. Anam çox sanballı, mədəni, intellegent ailədə doğulmuşdu. Babam Baba Qədimov Naxçıvanın Səhiyyə naziri idi. Onun qardaşı Mirzəabbas Qədimov isə Nazirlər Kabinetinin sədri olub. Naxçıvanda çox məşhur, sayılıb, seçilən ailəydilər. Atam və anam olduqları üçün demirəm, amma hər ikisi gözəl insanlardı. Atam zarafatı çox sevirdi, qonaqpərvər adam idi. Qaraqabaq deyildi. Ailəsini, övladlarını çox istəyirdi. Bizə sərbəstlik vermişdi. Amma üzərimizdə nəzarəti də saxlayırdı. Heç nəyə görə övladlarını incitməzdi.

– Ziya müəllim, atanızın filmləri arasında ən çox hansını sevirsiniz?

– Atamın ən çox sevdiyim filmləri “O, qızı tapın” və “Telefonçu qız”

– Həsən Seyidbəylinin ömrünün son illərində mütaliə etdiyi, sevərək oxuduğu hansısa əsər var idi?

– Ömrünün son illərində Q. Markesin “Yüz ilin tənhalığı” romanını mütaliə edirdi.

– Ziya müəllim, 2020-ci ildə Həsən Seyidbəylinin 100 illik yubileyidir. Həsən müəllimin bir zamanlar yaşadığı evin yerləşdiyi küçə onun adını daşıyır. Həmin küçədə barelyefi də var. Yubiley ərəfəsində ürəyinizdən keçən bir arzu, atanızla bağlı bir dilək varmı?

– Doğru qeyd etdiniz ki, atamın adını daşıyan küçə var. Bir zamanlar yaşadığımız evin divarına atamın barelyefi vurulub. O evdə atamın muzeyi də var idi. Amma sonradan ev satıldığına görə, muzeyin bütün əşyalarını arxivə təhvil verdik.

– Özünüzdə nəsə saxladınız?

-Təbii ki. Müəyyən əşyaları məndə qalıb. Fotoları, medalları, kitabları qalıb. Atamın bir neçə kitablarını da Nizami adına Ədəbiyyat muzeyinə təhvil vermişik. Atamın 90 illik yubileyində “Tərsanə” əsərinin əlyazmasını Mədəniyyət Nazirliyinə təqdim etmişdim. Sonradan həmin əsəri 500 nüsxə tirajla çap etdilər. Bu dəfə isə atamın 100 illik yubileyidir. Təbii ki, ürəyimdən keçən, atamın adına layiq olan bir neçə məsələlərin həyata keçməsini istəyərdim. Atamın adını daşıyan küçədə heykəlinin ucalmasını çox istəyirəm. Və atamın hələ çap olunmayan və ya çoxdan nəşr edilən kitablarının təkrar tirajlanması çox yaxşı olardı. Təbii ki, bunlar mənim atamla bağlı istəyim, düşüncələrimdir. Həyata keçsə çox sevinərəm.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rafael Cəbrayılov deputatlıqdan istefa verdi –

Sonrakı məqalə

Siyavuş Novruzov: