“Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti Avropadır” –İLHAM ƏLİYEV

Azərbaycanın “yaşıl enerji” ixracının əsas istiqaməti Avropadır.

Bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bildirmək istərdim ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasından sonra biz Azərbaycanın alternativ enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar.

İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb.

Azərbaycanda alternativ enerjisinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla ümumilikdə təxminən 200 geqavatdır. Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti əlbəttə ki, Avropadır”, – Prezident İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın aktiv enerji diplomatiyasını və meqalayihələr həyata keçirilməsini davam etdirdiyini vurğulayıb. (APA)

Əvvəlki məqalə

“Azərbaycan tərəfdaş ölkələrlə birlikdə bütün hədəflərə nail olmağa hazırdır”

Sonrakı məqalə

Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro ayırdı