BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.
O, bununla bağlı fikirlərini bu gün Prezident İlham Əliyev ilə görüşü zamanı bildirib.
Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb.
O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib.
Qonaq qeyd edib ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar.