Bolton Lukaşenko ilə niyə görüşüb? –Son 25 ildə ilk dəfə Belarusa ABŞ rəsmisi gəlib

25 ildən çoxdur ki, Trampın (Donald Trump) milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondan (John Bolton) daha yüksək vəzifəli amerikalı məmur Belarusa səfər etməyib. Bolton Kiyev-Kişinyov yolunda Minskə baş çəkib. Aleksandr Lukaşenko onu çox səmimi qarşılayıb. Bolton vasitəsilə Donald və Melaniya Trampa (Melania Trump) hədiyyə göndərən Belarus prezidenti səfərin tarixi olduğunu qeyd edib.

Bu barədə siyasi icmalçı Artyom Şraybman Karnegi Moskva Mərkəzində yazıb.

Ötən ilin sonu ABŞ-ın dövlət katibinin köməkçisi Uess Mitçell (Wess Mitchell) Ukrayna, Moldova, eyni zamanda Belarusun “rus neoimperalizmindən müdafiə qalası olduğunu” söyləyib. Yəni, Vaşinqton Şərqi Avropada Moskvanın ekspansiyasının qarşısını almaq istəyi ilə əlaqədar Minsklə müəyyən ortaq marağının olduğunu etiraf edib.

Səfərin səbəbi də bu olub. Minsk və Moskva arasında gedən inteqrasiya danışıqlarına görə Belarusun suverenlik məsələsi aktuallaşıb. Qərb mətbuatı bunu Putinin 2024-cü ildən sonra hakimiyyətdə qalmaq üçün Belarusu ələ keçirmək planı kimi qiymətləndirib.

Boltondan əvvəl Belarusa səfər edən Amerika rəsmiləri ümumi cəhətdən ölkənin suverenliyini dəstəklədiklərini bildirdikləri halda, müşavir konkret təhlükəni qeyd edib.

Məqalə müəllifi xatırladır ki, Boltonun Minskdə baş tutan çıxışında bir neçə dəfə dəqiq şəkildə səslənən daha iki vacib mövzu olub: Çin və silahların yayılmaması. Məlumdur ki, Tramp administrasiyası Rusiyanı deyil, məhz Çini əsas rəqibi hesab edir. Yeri gəlmişkən, Bolton Kiyevdə də ukraynalıları “Motor Siç” aviasiya zavodunu Çinə satmaq fikrindən daşındırıb.

Əgər Bolton həqiqətən ABŞ-ın Çinin Belarusdakı hansısa layihəsindən məmnun olmadığına eyham vurubsa, Lukaşenko qonağı sakitləşdirə bilib. Birincisi, Belarus-Rusiya, hətta Belarus-Avropa əməkdaşlığı ilə müqayisədə Belarus-Çin əməkdaşlığı çox kiçikdir, ticarət dövriyyəsi 10 dəfədən azdır.

Çin Boltonun region turnesində daha çox növbətçi mövzudur. Bayraqları yerləşdirmək, yerli elitaya bildirmək lazım idi ki, onlar Avropada Çin ekspansiyası üçün imkan yaratsalar, bu hal Vaşinqtonun xoşuna gəlməyəcək.

Boltonun Lukaşenko ilə danışıqlarda qaldırdığı, hətta “münasibətlərdə problem” adlandırdığı digər məsələ silahların yayılmaması məsələsi olub. Bu, Belarusda spekulyasiya meydanına çevrilib. Çünki ABŞ prezidentinin köməkçisi nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.

Məqalə müəllifi iki versiyanın olduğunu qeyd edir: “Ya söhbət ABŞ-ın hansısa düşmənlərindən, İran və ya Suriyadan Belarusa planlaşdırılan, ya da artıq həyata keçirilən silah tədarükündən gedib, ya da Bolton əmin olmaq istəyib ki, “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” saziş qüvvədən düşdükdən sonra ABŞ-ın Polşada hərbi iştirakını genişlətmək planları ilə əlaqədar Belarus öz torpaqlarına Rusiyanın qoşunlarını və yeni silahlı dəstələrini buraxmayacaq”.

Nəhayət, görüşdə səslənən növbəti mövzu Ukrayna ilə bağlı danışıqlar olub. Minsk təkcə həmin görüşün keçirildiyi yer olmaq istəmir. O, artıq beş ildir ABŞ-ı “normand formatı”na qoşulmağa çağırır.

Putinin mətbuat katibi Dmitri Peskov sarkazmla bəyan edib ki, “hal-hazırda Belarus və ABŞ-ın sıx əməkdaşlığı haqqında danışmağa ehtiyac yoxdur”. Ümumiyyətlə o, haqlıdır. Belarusun Rusiya qarşısında müttəfiq öhdəliklərinə görə Minsk və Vaşinqton arasında hərbi və ciddi siyasi əməkdaşlıq ola bilməz.

Sanksiyaların ləğv edilməsinə münasibət bildirən Bolton deyib ki, bu məsələni yuxarıda qeyd edilən problemlərlə – insan hüquqları və silaha nəzarət – birgə müzakirə etmək lazımdır. Və dərhal da söhbətin çox uzun çəkəcəyini qeyd edib.

Rusiyadan asılılığı balanslaşdırmağa kömək etmək üçün ABŞ iqtisadi cəhətdən Belarusda çox kiçik rol oynayır. Boltonun səfəri ərəfəsində məlum olub ki, Minsk Amerikaya məxsus xam neftin Belarusa tədarükünə qoyulan məhdudiyyətlərin ləğvinə nail olmaq üçün Vaşinqtonda lobbiçi tutub. Lakin 2024-cü ildə Rusiyanın vergi manevri başa çatanadək Minsk üçün istənilən başqa neft baha olacaq, xüsusilə hələlik müəyyənləşməyən tədarük logistikasını nəzərə alsaq. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elinanın ölümündə günahlandırılan direktor məhkəməyə çıxarılır –

Sonrakı məqalə

Fransanın süd konserni Azərbaycandakı nümayəndəliyini ləğv edib