“Böyük Qafqazın cənub yamacında sel ocaqlarının sahəsi 15 faizə qədər artıb”- Coğrafiya İnstitutu

“Ekoloji risklə bağlı məsələlərin həlli üstündə  işləyirik. Təbii fəlakətlər bütün dünyada olduğu kimi ,son zamanlar Azərbaycanda da fəallaşıb. Bunları nəzərə alaraq yüksək texnologiyaların, kompüter proqramlarının tətbiqi ilə ümumi xəritələr əldə edirik”. 

Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

Onun sözlərinə görə, sellərin ən çox fəallaşdığı, təkrarlandığı rayonlar Böyük Qafqazın cənub yamacıdır:

“Bu, meşəlik sahələrinin faizinin azalması ilə bağlıdır. Orda Milli Park elan olunub, amma qorunmayan hissələrdə seyrəlmə gedir. Bu da  sel ocaqları yaradır. Sel ocaqları isə çayları qidalandırır. Son zamanlar Böyük Qafqazın cənub yamacında sel ocaqlarının sahəsi 15 faizə qədər artıb. Bu, böyük rəqəmdir. Əgər bu, son 20 il ərzində olubsa, fəlakətli rəqəmdir. Yəni bu gün yaşaya bilirik, amma sabah yaşaya bilməyəcəyik. Gələcək nəsillərimiz əziyyət çəkəcək. Bunları fikirləşmək lazımdır”.

M.İsmayılov qeyd edib ki, yaz aylarında çaylarda sel fəallaşacaq: “Çayın hövzəsində nə qədər qar olduğu öyrənilir. Qar əriyəndə onun kütləsindən asılı olaraq çaya gələn suyun miqdarı da məlum olacaq. Sel ocaqlarının fəallaşması qaçılmazdır”.

Şöbə müdiri bildirib ki, sürüşmə riski, sel təhlükəsi olan ərazilər xəritələşdirilib: “Həmin ərazilərin xəritələri tərtib olunub. Məsələn, Böyük Qafqazın cənub, cənub-şərq yamacı sel təhlükəsinə görə fərqlənir. Balakəndən Qəbələyədək, Zaqatala, Qax, Şəki –hamısı güclü sel zonalarıdır.

Böyük Qafqazın şimal-şərq yamacı isə sürüşməyə görə fərqlənir. Bu da yamacın xarakteri ilə bağlıdır. Şamaxı, Qobustan, Quba, Xızı, Qusar rayonları ərazisində sürüşmənin xarakteri də fərqlidr. Orada axınlar çox müşahidə edilir. Sürüşmə tədrici prosesdir, amma təhlükə yaradır. Otlaq sahələrini,  meşələri sıradan çıxarır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK sabiq nazir Yavər Camalovun oğlunun deputatlığa namizədliyini ləğv etdi –

Sonrakı məqalə

“Özü haqda yanlış məlumat təqdim edən deputatlığa namizədlərlə bağlı tədbir görüləcək”