BP-yə iş vədi ilə 3 nəfəri aldadıb– Üç il cəza aldı

BP şirkəti
BP şirkəti

Dələduzluq edən şəxs 11 min 200 manat mənimsəyib.

Bakıda üç nəfəri BP şirkətində işə düzəldəcəyi vədi ilə aldadaraq ümumilikdə on bir min iki yüz manat məbləğində pul alan şəxsə hökm oxunub. AzPost xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi təqsirləndirilən Saleh adlı şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq – təkrar törədildikdə) maddəsi ilə təqsirli bilib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Məhkəmənin qərarına əsasən, onun təqsirli bilinərək şübhəli şəxs qismində saxlandığı 2 günlük müddət cəzadan çıxılmaqla, yekunda 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması hökmü qüvvədə saxlanılıb.

İş materiallarına görə, Saleh əvvəlcədən tanıdığı Vasif Yaqubova BP şirkətində sürücü vəzifəsinə düzəlməyə yardım edəcəyini deyərək ondan üç min manat alıb. Daha sonra Vasifin qardaşı Asif Yaqubova anbardar işi vəd edərək əlavə üç min beş yüz manat alıb. Üçüncü zərərçəkmiş isə Ceyhun adlı şəxs olub. O da BP-yə sürücü kimi düzəlmək üçün Salehə dörd min yeddi yüz manat pul verib. Lakin vədlər yerinə yetirilməyib və heç bir iş təmin olunmayıb.

Aldadılan şəxslər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Saleh məhkəmədə özünü təqsirli bildiyini deyərək, aldığı pulları onkoloji xəstə olan həyat yoldaşının müalicəsinə xərclədiyini söyləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.