Bu ilin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 5 mindən çox müraciət daxil olub

Bu ilin birinci yarısında Baş İdarəyə vətəndaşların 5 min 387 müraciəti daxil olub.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilib, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 118 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.

Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 531 vətəndaşın qəbul edilməsi təmin edilib ki, bunlardan 95-i Baş İdarə rəisi, 107-si Baş İdarə rəisinin müavinləri, idarə və ya şöbə rəisləri, 329-u isə növbətçi prokurorlar tərəfindən qəbul olunub.

Qeyd edilən müddət ərzində Baş İdarədə 203 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 166 (82 faiz) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 37 (18 faiz) material üzrə isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib.

Əvvəlki məqalə

“Ermənistan jurnalistlərinin Azərbaycana səfəri mümkündür”

Sonrakı məqalə

Kanada Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına qoşulur