“Bu məsələdə Moskvanın siyasi maraqları rol oynayır” –Politoloq Serbiya ilə silah qalmaqalını şərh etdi

Serbiyanın işğalçı Ermənistana Gürcüstan üzərindən silah göndərməsi məsələsi ən müxtəlif aspektlərdən şərh edilir. Bunu provakasiya sayanlarla yanaşı, Azərbaycanla strateji tərəfdaş olan Serbiya və Gürcüstanın arxadan zərbəsi kimi də qiymətləndirənlər var. 

Siyasi şərhçi Azər Rəşidoğlu Yenisabah.az-a qalmaqalı şərh edib. Analitik mövzunu şərh edərkən yaxın tarixə ekskurs edib: “Rusiya Çeçenistanı bombalayanda, bir azərbaycanlı jurnalist nüfuzlu Rusiya qəzetində yazmışdı ki, yaralı çeçen döyüşçüləri Bakıda müalicə olunur və xəstəxanaların adı da qeyd edilmişdi. O vaxt bu məqalə Rusiyanın Azərbaycana qarşı sərt ritorikası ilə sonuclandı. Heydər Əliyev bu faktı etiraf elədi və yaralı insanların müalicə olunmasını humanizm adlandırdı.

Lakin bir mesaj da verdi – hər məlumatı yaymayın, dövlətin öz maraqları var, milli maraqlar məsələsində ümumi işə zərbə vurmayın. Bu gün Gürcüstanın rəhbərliyində Rusiyanın təsir agenti olan xeyli insan var. Lakin bölgə uğrunda savaş getdiyini nəzərə alsaq, Bakının Tiflislə əməkdaşlığını poza biləcək bütün addımlardan yayınmalıyıq.

Rusiyanı narazı salan odur ki, Orta Asiya və Azərbaycanın neft və qazı Gürcüstan vasitəsilə Rusiyadan yan keçməklə Avropaya nəql edilir və ya edilə bilər”.

Azər Rəşidoğlu hesab edir ki, Azərbaycan – Gürcüstan – Türkiyə konfederasiyası ideyasının müzakirə edildiyi bir zamanda Gürcüstanın timsalında düşmən obrazı formalaşdırıldığını sıradan bir məsələ deyil: “Bu, strategiyamıza zərbə vuran addımlardır və Rusiya tərəfindən idarə edildiyinə şübhəm yoxdur. Bəzi vətənpərvər insanlar səmimi olduqlarından sərt ritorika nümayiş etdirirlər. Onlar anlamaq istəmirlər ki, yaranmış vəziyyətdə Tiflis ilə açıq müstəvidə düşmənçilik aparmaq olmaz. Bunu diplomatik kanallarla və tam fərqli üsulla edirlər. İnformasiya savaşını nə təsir agentləri ilə, nə də ki fanatlarla aparmaq olmaz. Bu savaş əsl müharibədən daha çətindir.

Adətən ölkələr arsında qeyri-rəsmi silah ticarəti sxemi maraqlı dairələrə lazım olan zaman ictimailəşdirilir. Ermənistanda Serj Sarqsyanın kürəkəni Mikael Minasyan tərəfindən Rusiyanın bu ölkəyə ucuz qiymətlə verdiyi silahların bir hissəsinin 3-cü  ölkələrə satılması faktını misal göstərmək olar. Məlumdur ki, bu sxem hələ Sarqayanın özü tərəfindən yaradılmışdı və Paşinyan hakimiyyətə gəldikdən sonra, necə deyərlər  sadəcə, “əl dəyişdi”.

Lakin  bu məlumatın indi, təbii ki, Moskvanın qeyri-rəsmi icazəsi ilə yayılması, rusların Paşinyanın ölkədaxili icitimai rəydə mövqelərini məhv etmək məqsədi daşıyır. Müharibə edən bir ölkənin baş naziri onlara müttəfiqi tərəfindən çox sərfəli şərtlərlə verilən silahın bir hissəsini 3-cü ölkəyə satır, əldə edilən pulun bir hissəsinə başqa ölkədən istehlak müddəti keçmiş köhnə silahlar alır, aradakı fərqlər isə hansısa ofşor zonalardakı banklara keçirilir. Cəmiyyət bunu Paşinyana bağışlayacaqmı? Yəni siyasi məqsəd göz önündədir”.

Analitikin fikrincə, Serbiya ilə də vəziyyət təxminən belədir: “Ermənistan-Azərbaycan sərhədində gərginlik zamanı birdən məlum olur ki, bizə qarşı istifadə edilən minaatanlar Ermənistana Serbiya tərəfindən verilərək, düşmən səngərinə Gürcüstan ərzisindən gətirilir.

Bəli, ilkin təəsürat odur ki, Rusiyanın Avropada yeganə səmimi müttəfiqi olan Serbiya Gürcüstan ərazisindən keçirməklə Ermənistana silah göndərir. Təkrar edirəm ki, bu məlumat məhz Tovuzda vəziyyət stabilləşəndən sonra ortaya çıxır. Hədəfdə Rusiya ilə yanaşı, Azərbaycanın Qafqazda faktiki yeganə müttəfiqi olan Gürcüstan da olur. İlkin nəticə belədir: Rusiyadan xəbərsiz Serbiya bu addımı atmazdı və Gürcüstandan da bu silahların keçidini Rusiyapərəst İvanişvili hakimiyyəti təmin edib.

Lakin, ərazisinin bir hissəsi Rusiya tərəfindən ilhaq edilən Gürcüstan bu addıma gedərmi? Məncə, ağlabatan deyil. Rusiya Ermənistan ordusuna minaatanlar göndərmək istəyirsə, bunu niyə Serbiya vasitəsi ilə etsin? Moskvadan təyyarayə yüklənən minaatnlar ağıır silah sayılmır və belə bir təyyarənin Yerevan hava ilmanına enməsi müttəfiqə daha asan kömək yolu deyilmi?

Odur ki, bu məsələdən Moskvanın xəbərsiz olduğunu söyləmək üçün əlimizdə heç bir əsas yoxdur. Gürcüstan XİN-in israrla ərazisindən belə bir silah keçmədiyini söyləməsi müəyyən ehtimallara yol açır. Bəlkə heç bu minaatanlar ümumiyyətlə gətirilmə deyil? Məgər Ermənistan ordusunda və ya 102-ci bazada minaatanlar yoxdurmu? Ola bilər ki, bu məsələdə real silahdan daha çox Moskvanın siyasi maraqları rol oynayır”.

Azər Rəşidoğlunun sözlərinə görə, bu xəbərlərin yayılmasında maraqlı olmaqla, Moskva Avropaya Serbiyanın nə qədər Qərbmeyilli addımlar atmasına baxmayaraq, hələ də onun təsir dairəsinə olduğunu göstərir.

“Digər tərəfdən, qərbləşmiş imici yaranan Gürcüstanda da Rusiya istədiyi halda silah belə keçirmək iqtidarında olduğunu nümayiş etdirir. Və ən əsası mövcud Ermənistan hakimiyyətinin Azərbaycanla qeyri-rəsmi silah əldə etməklə, mübarizə apardığını sərgiləyir. Qeyri-rəsmi silah alveri “qara pullar” anlamına gəlir. Yuxarıda qeyd etdiyim kimi, Paşinyan hakimiyyətinin adı onsuz da asilah qalmaqalında hallanır. Daha bir fakt Paşinyana vuruluan daha bir zərbədir. Rusiyanın bunu niyə etməsi də məlumdur.

Amma daha bir ehtimal var ki, bunu da hesabdan silmək olmaz: istənilən ölkəyə silah satmaq kanalına malik silah baronları var. Balaca partiya ilə silah satışını həyata keçirən belə baronlar, heç bir dövlətin marağını nəzərə almır və yalnız qazancı düşünür. Satış zamanı isə təbii ki, rəsmi dövlət orqanlarından heç bir icazə alınmır”, – deyə siyasi şərhçi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həbib Nurməhəmmədov döyüşdən imtina etdi

Sonrakı məqalə

“Ermənistanın hücumu zamanı azərbaycanlı qardaşlarımızı yalnız buraxmadıq” –