“Bu müharibə Putinin ciddi səhvidir…Rusiya üçün fəlakətdir” –İSA QƏMBƏR

“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə postsovet respublikaları üçün çox ciddi təhdidlər yaradır”.

Azpost.info bildirir ki, bu sözləri “Amerikanın Səsi” radiosuna müsahibəsində Milli Məclisin sabiq sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Rusiya-Ukrayna müharibəsinin regional təsirlərindən danışarkən deyib.

Onun sözlərinə görə, çox ciddi bir qlobal böhran gedir: “Bu böhran da hər zaman olduğu kimi, yeni təhlükələr və yeni imkanlar yaradır. Təhlükə ondan ibarətdir ki, Rusiya artıq qırmızı xətləri keçdiyi üçün artıq Ukraynaya qarşı müharibə təkcə cinayət deyil, həm də bu Rusiya rejiminin çox ciddi bir siyasi səhvidir. Fəlakətdi, Rusiyanın özü üçün. Rusiyanın zəifləməsi qaçılmazdır. Putin rejiminin süquta doğru getməsi qaçılmazdır. Belə bir şəraitdə təbii ki, artıq qırmızı xəttləri keçmiş Rusiyanın bölgə ölkələri üçün təhlükə yaratdığı göz qabağındadır”.

İ.Qəmbərin fikrincə, Rusiya Ukrayna ilə müharibədə uğur qazansa da, bu təhlükə artacaq, uğursuzluq artsa da təhlükə artacaq: “Çünki mən inanıram ki, uğur qazana bilməyəcək. Ancaq uğur qazansa arxayınlaşıb sonrakı addımlar atacaq. Postsovet ölkələrinə təhlükəni artıracaq Rusiya. Ancaq eyni zamanda Ukrayna ilə müharibədə uduzmağa başlayan və uduzmanın təkcə dünya tərəfindən yox, Rusiya ictimaiyyəti tərəfindən dərk olunmağa başlandığı mərhələdə Putin rejimi daha aqressiv xarakter ala bilər və bölgə ölkələrinə qarşı istər Moldova olsun, istər digər ölkələr olsun, istərsə də Cənubi Qafqaz ölkələri olsun, Rusiya tərəfindən təhlükələr arta bilər”.

İ.Qəmbər deyib ki, Azərbaycanın müdafiəsini gücləndirən isə iki ciddi amil var: “Birincisi NATO-nun üzvü olan Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq və müttəfiqliik. Bizim əsas müttəfiqimiz Türkiyədir. Bu amil, mən hesab edirəm ki, Rusiyanın Azərbaycana qarşı təhlükəsini nisbətən azaldan ciddi amildir”.

Onun sözlərinə görə, ABŞ başda olmaqla Qərb artıq Rusiyanın təhlükəsini tam şəkildə dərk edib, bəyan edibdir. Artıq NATO-nun konsepsiyası da dəyişir, Rusiyanı partnyor kimi, tərəfdaş kimi yox, ciddi bir təhlükə kimi qəbul eləməyə başlayırlar: “ABŞ bəyan edib ki, müstəqil dövlətlərin suverenliyini qorumağı da bir növ öhdəlik kimi üzərinə götürüb. Bu baxımdan bizim təhlükəsizliyimizin ikinci ən ciddi amili ABŞ ilə, Avropa ilə əlaqələri genişləndirməkdir. Tərəfdaşlığı sıxlaşdırmaqdır. Bu olmalıdır. Hesab edirəm ki, bu istiqamətdə atılası xeyli addımlar var”.

İ.Qəmbər bildirib ki, ABŞ etiraf etməldir ki, 1991-ci ildən bu günə kimi olan siyasətində yanlışlar olub. Rusiya faktoru düzgün hesablanmayıb. Yeni müstəqil dövlətlərə kifayət qədər dəstək verilməyib. Bir neçə mövzu ilə kifayətlənib: “Bundan sonra ABŞ bu mövzularla daha diqqətli davranmalıdır. Məsələn Azərbaycanla münasibətdə 907-ci düzəlişin nəhayət ki, aradan qaldırılması ölkələlər arasında əhval-ruhiyyənin dəyişməsinə, ictimai rəyin müsbətə doğru xeyli dəyişməsinə gətirib çıxara bilər”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.