Bu ölkədə koronavirusa təkrar yoluxmalar qeydə alındı

14 Aprel 2020 - 17:06

Cənubi Koreyada COVID-19-a qalib gələn 116 şəxsdə koronavirus testinin nəticəsi yenidən pozitiv çıxıb.

“Report” xəbər verir ki, bunu Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (XNQM) açıqlayıb.

XNQM-in direktoru Çon In Gen bildirib ki, bu insanlarda virusun yenidən aktivləşdiyi fikrindədirlər.

Məlumata görə, həmin xəstələrin orqanizmində güclü antikorun formalaşmaması da buna səbəb ola bilər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 934 000-i ötüb. Bunların 456 841 nəfəri sağalıb, 120 438 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.