Bu ölkədə yeni yoluxanların çoxu yaşı 65-dən aşağı olan insanlardır

10 Aprel 2020 - 12:21

Rusiyada yeni qeydə alınmış 1 786 yoluxma halının 85%-i uşaq, gənc və orta yaşlı insanlarda aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, yeni yoluxanların yalnız 15%-i yaşlı və qocalardır.

Operativ Qərargahın rəsmi statistikası belədir:

18-dən aşağı – 5,5%.

18-dən 45-dək – 43%;

46-dan 65-dək – 36,5%;

66-dan 80-dək – 11,5%;

80-dən yuxarı – 3,5%;

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 607 000-i ötüb. Bunların 357 180 nəfəri sağalıb, 95 813 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.