Büdcə xərclərində nələr artırılır, nələr azaldılır?

Azərbaycanın 2024-cü il dövlət büdcəsində həm xərclər, həm də gəlir artırıla bilər.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 faiz çoxdur.

“Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8 faiz çoxdur”.

Layihədə neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılır.Hazırda dünya bazarında bir barel neftin qiyməti 90 dollar civarında dəyişir.

Sənədə bir sıra sahələr üzrə xərclərin artırılması nəzərdə tutulur.

Məsələn işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası xərcləri yüksəldilir. Habelə, hüquq mühafizə, prokurorluq, müdafiə və milli təhlükəsizlik xərcləri də artırılır.

Əksinə isə təklif edilən layihədə sosial müdafiə və sosial təminat xərcləri azaldılır. Mövcud büdcədə sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542,2 milyon manat təsdiqlənib.İndi bu məbləğin 4391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az proqnozlaşdırılması təklif edilir.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılmalıdır.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.