“Büdcəmizi yeni reallıqlara uyğunlaşdırmışıq” –Prezident İlham Əliyev

İndiyədək Azərbaycan koronavirus və onun nəticələrinin aradan qaldırılmasına 2 milyard avrodan çox vəsait ayırıb.

Bu barədə prezident İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfransda bildirib.

«İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq».

Prezident deyib ki, bu dövrdə qeyri-formal məşğulluqla mübarizə güclənib və ciddi tədbirlər görülür: «Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur, bununla belə, 0,2 faiz təşkil etmişdir».

Prezident xatırladıb ki, hazırda bir çox ölkələr, əfsuslar olsun, resessiyadadır, Azərbaycanın 5 aylıq göstəriciləri yaxın günlərdə açıqlanacaq: «Beş ayın nəticələri hələ ki, bizə məlum deyil, ola bilsin, 1 həftə ərzində məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik».

Dövlət başçısı etiraf edib ki, neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün çətinlik yaradır: «Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, biz bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, onlar, əlbəttə, ola bilsin bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nyu-York şəhərində komendant saatı elan edilib

Sonrakı məqalə

Məşhur bəstəkar Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir –